2024-cü il ərzində vətəndaşsızlıq vəziyyətində olan 298 nəfər Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Hesabata əsasən ötən il olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, iş və yaşama icazələri, vətəndaşlıq məsələləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olan elektron müraciətlərin sayı 147,8 min olub.
2024-cü il 31 dekabr tarixinə ölkədə qanuni əsaslarla olan və ya yaşayan əcnəbilərin sayı 184,8 min nəfər olub ki, bu da 2023-cü illə müqayisədə 18,9 min nəfər və ya 11,4% çoxdur.
Bununla yanaşı 2024-cü il ərzində olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti, daimi yaşama və iş icazələrinin alınması (müddətinin uzadılması) qaçqın statusunun verilməsi, vətəndaşlıq, readmissiya və digər məsələlərlə bağlı Xidmətə 599,5 min müraciət daxil olub ki, bu da 2023-cü illə müqayisədə 10,9 min və ya 1,8% azdır.
Hesabat ilində 22,3 min (2023-cü ildə 23,1 min) halda miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib və müvafiq tədbirlər görülüb.