“Məqsədə gedən yolu qiymətləndirmək vacibdir”


“Bir çox insan uzun müddət arzuladığı bir şeyi əldə etdikdən sonra ona qarşı marağının və həvəsinin azaldığını hiss edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Psixoloq sözlərinə belə davam edib: “Bu hal psixologiyada geniş tədqiq olunan mövzulardandır və bir neçə əsas səbəbi var: Beynimiz motivasiyanı artırmaq üçün dopamin adlı neyrotransmitterdən istifadə edir. Bir şeyi əldə etmək yolunda dopamin səviyyəsi artır və biz həmin məqsədə çatmaq üçün böyük istək hiss edirik. Lakin məqsəd reallaşdıqdan sonra dopamin səviyyəsi enir və artıq eyni dərəcədə həzz hiss olunmur. Bu, insanın təbii olaraq yenilik və həyəcan axtarışında olması ilə bağlıdır.

Hedonik adaptasiya insanın əldə etdiyi şeylərə tez bir zamanda öyrəşməsi və onların əvvəlki qədər həyəcan yaratmamasıdır. İnsan psixologiyasının bir xüsusiyyəti də budur ki, yeni bir şey əldə edəndə biz ilk günlərdə ondan çox həzz alırıq, lakin zaman keçdikcə ona alışırıq və bu həzz hissi azalır. Məsələn, çoxdan arzulanan bir avtomobili almaq əvvəlcə böyük sevinc gətirir, lakin bir neçə ay keçəndən sonra həmin avtomobil adi bir nəqliyyat vasitəsinə çevrilir və əvvəlki həyəcan itir.

İnsan beynində müəyyən bir məqsədə çatmazdan əvvəl onu ideallaşdırır, müəyyən gözləntilər formalaşdırır. Lakin məqsəd əldə ediləndə gerçəklik gözləntilərə tam uyğun gəlməyə bilər. Bu zaman insan əldə etdiyi şeyin düşündüyü qədər həyəcanverici olmadığını hiss edir. Məsələn, uzun müddət gözlənilən bir səyahətə çıxan insan əvvəlcə böyük həyəcan hiss edir, lakin getdiyi yerdə bəzi gözlənilməz çətinliklərlə qarşılaşdıqda, əvvəlki maraq və həyəcan tədricən azalır.

İnsan psixologiyası daim yeni məqsədlərə yönəlməyə meyllidir. Əgər insan uzun müddət bir hədəfə fokuslanırsa və həmin hədəfə çatdıqdan sonra yeni məqsəd müəyyən etmirsə, boşluq və maraq itkisi hiss edə bilər. Bu vəziyyət xüsusilə karyera və şəxsi inkişaf sahələrində müşahidə olunur. Bir şəxs yüksək vəzifəyə çatmaq üçün illərlə çalışır, lakin həmin vəzifəni əldə etdikdən sonra yeni məqsəd qoymasa, motivasiya və maraq hissi sürətlə azalır.

İnsan psixologiyasında belə bir maraqlı qanunauyğunluq var: əldə olunmamış şeylər daha dəyərli görünür, lakin əldə edilən kimi onların dəyəri gözümüzdə azalır. Bu hal “sahiblik paradoksu” adlanır. Məsələn, bir insan çox bahalı bir əşyanı almaq üçün çalışır və onun çox qiymətli olduğunu düşünür. Lakin həmin əşyaya sahib olduqdan sonra, bir müddət sonra onun əvvəlki kimi xüsusi və maraqlı görünmədiyini hiss edir.

Bəs, marağı necə qorumaq olar?

İnsan daim yeni məqsədlər yaratmalıdır ki, motivasiya və maraq davamlı olsun. Həyatda əldə edilən uğurların və əşyaların dəyərini hiss etmək üçün minnətdarlıq vərdişi inkişaf etdirmək faydalıdır.

İnsan həmişə inkişaf etməyə və yeniliklər axtarmağa meylli olmalıdır ki, motivasiya itirilməsin. Məqsədə çatmaqdan daha çox, həmin məqsədə gedən yolu qiymətləndirmək vacibdir.

Bu hal insan təbiətinin bir hissəsidir, lakin onu idarə etmək mümkündür. Əgər insan bu mexanizmləri dərk edərsə, həyatındakı marağı və motivasiyanı daha uzun müddət qoruyub saxlaya bilər”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər