Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində birinci kitab sərgisinin açılışı olub


Ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətinə dair nadir əsərlər xüsusi hazırlanmış stentdə nümayiş olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlərini davam etdirir. Bu çərçivədə filialda birinci kitab sərgisinin açılışı keçirilib.

Azərbaycanın hüquqi dövlət quruculuğu prosesini, müstəqillik yolunu, tarixini, mədəniyyətini, iqtisadi inkişafını, beynəlxalq əlaqələrin müxtəlif istiqamətlərini, hərbi qüdrətini, elm və təhsil işlərini işıqlandıran nadir nəşrlər bir neçə bölmədə sərgiyə çıxarılıb.

Pedaqoji Universitetin Quba filialında “Gənclərə tövsiyələr” kitabının təqdimatında iştirak edən Milli Məclisin deputatı, parlamentin Elm və Təhsil Komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri şair Ramiz Qusarçaylı, “Green Start Academy Psixologiya” Təlim və İnkişaf Mərkəzinin dirktoru Valideyn məktəbi layihəsinin rəhbəri Aysel Rəsulzadə və başqaları da bu tədbir çərçivəsində sərginin açılışında iştirak ediblər.

Açılışdan əvvəl iştirakçılar Şəhid Nuran Mirzəyevin adını daşıyan auditoriya ziyarət edib və igid döyüşçü Nuran Mirzəyevin büstü önünə gül dəstələri düzüblər. Auditoriyada tələbələr qarşısında çıxış edən Pedaqoji Universitetin Quba filialının direktoru, fizika elmləri doktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev və Milli Məclisin deputatı, parlamentin Elm və Təhsil Komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyası sayəsində Azərbaycan xalqının milli-azadlıq arzularının həyat gerçəyinə çevrilməsindən bəhs ediblər.

Prezident İlham Əliyevin məlum sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli”nin siyasi və mənəvi mahiyyətindən bəhs edən natiqlər qeyd ediblər ki, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.

Qeyd olunub ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın apardığı lokal antiterror əməliyyatı nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

İndi Azərbaycanın üçrəngli bayrağı ölkəmizin hər yerində əzm və qürurla dalğalanır. Xalqımızın milli-azadlıq arzuları, dövlət müstəqilliyimizin qorunması, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası prosesində qəhrəman şəhid və qazilərimizin fədakarlığı əbədiyyətə qədər nəsillərə örnək olacaq.

Açılış mərasimində filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva məlumat verib ki, kitabxana fondunda olan nadir nəşrlər, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan çoxistiqamətli inkişaf strategiyasını, Heydər Əliyev Fondunun tarixi missiyasını, Azərbaycanın elm və təhsil sahəsindəki nailiyyətlərini özündə ehtiva edən kitablar sərgiyə çıxarılıb. Sonra filialdakı əyani və elektron kitab fondu ilə tanışlıq olub. Məlumat verilib il ərzində bu cür kitab sərgiləri əyani və virtual olaraq bir neçə dəfə təkrarlanacaq. Sərginin təşkilində əsas məqsəd Azərbaycanda keçirilən “Konstitusiya və Suverenlik İli”nə qədərki dövlətçilik yolunun bütün istiqamətlərini təbliğ etmək, gənc nəslin təlim-tərbiyəsində kitab oxumağı, mütaliə mədəniyyətinin aşılanması və Azərbaycançılıq ideologiyasının təbliğini həyata keçirməkdir.

Millət vəkili, parlamentin Elm və Təhsil Komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Pedaqoji Universitetinin Quba filialının Xatirə kitabına ürək sözlərini yazıb.

Sabir Şahtaxtı

Əlaqəli Xəbərlər