108 yaşlı bərbərin hələ ki, təqaüdə çıxmaq fikri yoxdur


Yaponiyadan olan 108 yaşlı qadın yaşına baxmayaraq öz bərbərxanasında işləməyə davam etdiyini açıqlayıb.

SİA-nın məlumatına görə, bu barədə South China Morning Post yazır.

…Şitsui Hakoişi bu yaxınlarda dünyanın ən yaşlı qadın bərbəri kimi tanınıb. Martın 5-də rekord rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən qeydə alınıb.

Hakoişi 94 ildir ki, bərbər işləyir. O, karyerasına 1931-ci ildə Tokioya köçəndə başlayıb. 1939-cu ildə o, əri ilə birlikdə öz salonunu açıb. Ancaq müharibə zamanı ərini və hava hücumu zamanı yanan salonunu itirib. Çətinliklərə baxmayaraq, Hakoyşi təslim olmayıb.

…Nakaqavaya köçərək orada başqa bir bərbərxana yaradıb və hələ də burada işləyir. Dediyinə görə, hələ təqaüdə çıxmaq fikri yoxdur.

2020-ci ildə Hakoişi olimpiya məşəlini daşıyaraq Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib. Bunun üçün qadın məşq etdi: bir neçə ay ərzində hər gün məşəlin ağırlığına bərabər yüklə min addım getdi. Hakoyşi hesab edir ki, aktivliyinin və uzunömürlülüyünün sirri fiziki fəaliyyətdədir – o, hər gün idman edir və gəzir. Yapon qadının adını çəkdiyi digər amil yüngül, balanslı qidalanmadır.

Son illərdə qadın rəsmi olaraq rekordçu kimi tanınmağa ümid edirdi. O, arzusunun gerçəkləşməsinə sevinib, mərasimə oğlu və qızı ilə gəlib. Mərasim zamanı Hakoyşi həyat fəlsəfəsini bölüşüb: “Kin saxlama, paxıllıq etmə və davaya girmə”.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər