Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsində olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu keçirilir. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Forumda bir sıra dünya ölkələrinin sabiq prezidentləri, ictimai xadimləri, diplomatları və s. iştirak edir.
Mövzu ilə əlaqədar olaraq SİA forumda iştirak edən xarici nümayəndələrin fikirlərini öyrənib:
Igor Luksic: “Bu, artıq mənim Qlobal Bakı Forumunda dördüncü iştirakımdır və düşünürəm ki, illər keçdikcə həm iştirak baxımından, həm də əhəmiyyətinə görə daha da inkişaf edib. Fikrimizcə, bu il təşkil olunan 12-ci Bakı Forumu çox böyük və möhtəşəm bir tədbir idi, burada müxtəlif və maraqlı qlobal məsələlər müzakirə olundu. Dünya getdikcə daha mürəkkəbləşir və biz düzgün suallar, təkliflər və həll yolları üzərində müzakirələr aparmağa çalışırıq. Bu məsələlərə mümkün qədər çox aspektdən və fərqli bucaqlardan yanaşmaq üçün həm auditoriyanın, həm də panel iştirakçılarının mümkün qədər fərqli olması vacibdir. Çünki dünyanın buna ehtiyacı var. Məncə, bu forum təkcə ünsiyyət platforması deyil, həm də şəbəkələşmə imkanları yaradır, həmçinin pərdə arxasında işlərin düzgün istiqamətdə aparılmasını təmin edir ki, hamımız eyni səhifədə olaq. Qarşıda duran qısamüddətli prioritetlər bütöv mənzərəni kölgədə qoymamalı və bizi uzunmüddətli perspektivləri nəzərdən qaçırmağa vadar etməməlidir. Təhlükəsizlik, şübhəsiz ki, hər kəs üçün son dərəcə vacibdir, lakin iqlim dəyişikliyi və müasir dünyanın bəzi spesifik aspektləri var ki, müəyyən səbəblərdən bəzən daha az diqqət çəkir və biz buna imkan verməməliyik. Düşünürəm ki, bu kimi forumlar geniş baxış bucağını və böyük mənzərəni daim diqqətdə saxlamağa kömək edir. Təşəkkür edirəm”.
Eden Mamut: “Beynəlxalq Bakı Forumu illərin təcrübəsi ilə formalaşan bir formatdır. Bu forum yüksək səviyyəli rəsmiləri, dünyanın müxtəlif yerlərindən ekspertləri bir araya gətirir və müxtəlif müzakirələr əsasında yeni ideyalar yaradır. Bu il forum xüsusilə əhəmiyyətli oldu, çünki qlobal miqyasda köklü dəyişikliklərin baş verdiyi bir dövrə təsadüf etdi. Müxtəlif münaqişələrin həllinə yanaşmada dəyişikliklər müşahidə olunur, məsələn, Ukraynadakı münaqişə ilə bağlı daha praqmatik bir yanaşma irəli sürülür. Eyni zamanda, iqlim dəyişikliyi və digər münaqişələrlə bağlı da yeni yanaşmalar tətbiq edilir. Bu baxımdan, builki Bakı Forumu bir qədər fərqli idi, çünki bir tərəfdən ənənəvi düşüncə tərzində müəyyən qeyri-müəyyənliklər var. Digər tərəfdən isə yeni yanaşmalar axtarılır, ənənəvi çərçivədən kənar düşüncə tərzi formalaşır və fərqli həll yolları araşdırılır. Məhz bu xüsusiyyətlər builki forumu xüsusi edən əsas amillərdəndir”.
Marc Uzan: “Beynəlxalq Bakı Forumunda iştirak etmək və burada çıxış etmək mənim üçün çox maraqlıdır, çünki bu forum bir çox səbəbə görə digər forumlardan fərqlənir. Birinci səbəb odur ki, dünya son illərlə müqayisədə tamamilə dəyişib və əvvəllər əsasən Qərb tərəfindən idarə olunurdu. Hazırda isə dünya qlobal Cənubun təsiri altında formalaşır, eyni zamanda çoxqütblülüyü dərk etməyə və müəyyənləşdirməyə çalışır. Düşünürəm ki, Bakı bu baxımdan əhəmiyyətli bir platforma ola bilər. Bakı Forumu qlobal idarəetmənin gələcəyini açıq, hərtərəfli və inklüziv bir şəkildə müzakirə etmək üçün bir layihə və platforma ola bilər. Burada keçmiş və hazırkı yüksək səviyyəli rəsmilər, müxtəlif maraqlı təcrübəyə malik şəxslər iştirak edir.İndi görülməli olan əsas iş qlobal makroiqtisadi istiqamətin formalaşdırılmasıdır, çünki bu, hələ tam dərk edilməmiş bir məqamdır və eyni zamanda qlobal maliyyə sisteminin gələcəyini başa düşmək üçün vacibdir”.
Cloudio Pedrettin: “Bu, mənim Bakı Forumunda ikinci iştirakım olur artıq və yenidən qayıtdığım üçün çox şadam. Düşünürəm ki, bu, vacib mövzuların müzakirə edildiyi beynəlxalq səviyyədə ən maraqlı platformalardan biridir. Burada çoxtərəflilik və iqlim fəaliyyətləri kimi mövzular müzakirə olunur. Burada olan qonaqlar isə olduqca yüksək səviyyəlidir”.
Barin Kayaoglu: “Bu forumda ilk dəfədir ki, iştirak edirəm. Bakıda olduğum üçün çox məmnunam. Bu foruma dəvət etdikləri üçün minnətdaram. Sözün əsl mənasında qlobal forumdur. Burada bəhs olunan söhbətlər və müzakirələr problemin həllinə yönəlib. Belə forumlarda xüsusi ilə tanıdıqları adamlarl çağırılar amma burada isə belə deyil”.