“Bir neçə gün bundan öncə Azərbaycan növbəti dəfə mötəbər tədbirə ev sahibliyi etdi”. Bunu SİA-ya Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bütün dünyanın nəbzi yenidən Azərbaycanda döyüldü, dünyanın aparıcı media qurumlarının, dünya liderlərinin diqqəti yenidən Azərbaycana yönəldi: “Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə fəaliyyətə başlayan XII Qlobal Bakı Forumu həm də Azərbaycanın dünyada həllini gözləyən qlobal məsələlərin həllinə mühüm töhfəsidir. Bu bir daha onu göstərdi ki, bir çox dövlətlərdən fərqli olaraq Azərbaycan dünyada baş verən qlobal hadisələrə laqeyd və biganə deyil, Azərbaycan dünyada sülhün və istiqrarın bərpa olunması üçün səylə çalışır.
Forumda Prezident İlham Əliyev çıxış edərək ölkəmiz və dünyamız üçün mühüm mesajlar verdi. Azərbaycan 30 il müddətində üzləşdiyi haqsızlıqlardan geniş bəhs etdi. Bu gün hamımızın gözü qarşısında dünya yeni gərgin və ağır mərhələyə daxil olur. Azərbaycanın bu cür mötəbər beynəlxalq tədbirlərə ev şahidliyi etməsi həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Azərbaycan hələ uzun illər öncə bu gün dünyada baş verən prosesləri görə bilmiş, özünün daxili və xarici siyasətini bu reallıqları nəzərə alaraq həyata keçirməyə başlamışdır”.
Məmmədov vurğulayıb ki, bu da reallıqdır ki, Azərbaycan dünyada əsas mədəniyyət mərkəzlərindən biri olması statusunu və mövqeyini qoruyur: “Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox tarixi şəxsiyyətlər bəxş etmişdir. Tarixən dünyanın müxtəlif bölgələrində zülmə məruz qalan xalqlar Azərbaycana üz tutaraq burada məskunlaşmışlar. Bu həm də Azərbaycanın tarixi nailiyyətidir.
Bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən birinə çevrilib. Əbəs yerə deyil ki, Azərbaycana səfər edən dini liderlər hər zaman Azərbaycanın dünyaya ixrac edə biləcəyi əsas sərvətlərdən birinin ölkəmizdə tarixən formalaşmış tolerantlıq və multikulturalizm ənənələri olduğunu söyləyirlər. Bir sıra dövlətlər və media quruluşlarının ölkəmizə qarşı apardıqları yalan kampaniyasına gəldikdə bu cəhdlər heç zaman səmərə verməyib və bu gündən sonra da verməyəcək”.