“Hamıya vacib deyil ki, orucun fəlsəfəsini bilsin”


“Namaz qılan-qılmayan da oruc tutmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, oruc tutmaq hər bir müsəlmana vacibdir. Bəzən deyirlər ki, namaz qılmıram, mənə yemək olar. Xeyr, olmaz: “Ramazan ayının sonunda, bayram günü fitrə zəkatı verilmə hökmlərində deyilir ki, hətta namaz qılmayan, oruc tutmayana da fitrə zəkatını ödəmək vacibdir. Bu, Allahın hökmüdür. Qurani-Kərimdə, hədislərdə gəlib. Hər bir müsəlmana vacibdir.

Orucun mənasını bilsə də, bilməsə də Allahın əmrini yerinə yetirmək üçün oruc tutulmalıdır. Orucun xüsusi bir mənası yoxdur. Oruc Allahın əmrini yerinə yetirmək üçün sübh azanından şam azanına qədər orucu batil edən işlərdən çəkinməyə deyilir. Hamıya vacib deyil ki, orucun fəlsəfəsini bilsin. Əlbəttə, bilsə, yaxşı olar. Amma biri bilmirsə, o demək deyil ki, ona vacib deyil, hamıya vacibdir.

Oruc tutan adama xidmət etmək hamıya savabdır. Ümumiyyətlə, iftar verməkdə də oruc tutub-tutmamaq şərt deyil. Ona da Allah savab yazır. Ən böyük savablardandır. Xüsusilə, iftar vermək fərqi yoxdur, hansı səviyyədə olur-olsun böyük savabdır. Orucunu tamamlayıb iftar vaxtına çatan şəxs üçün həmin an sevinc anı sayılır. Oruclunun digər sevinc anı isə, tutduğu orucun mükafatını almaq üçün qiyamət günü Allahın hüzuruna gəldiyi vaxt olacaq. İftar vermək sadəcə yemək yedirmək deyil. Oruclu şəxsə bir xurma, zeytun, süd və ya su verməklə də iftar vermək savabını qazanmaq olar. İftar süfrələrində israfdan uzaq durmağa da diqqət edilməlidir”.

Əlaqəli Xəbərlər