Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edib. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Sənəd qəbulu cari ilin 30 aprel tarixinədək baş tutacaq.
“Sənəd qəbulu 18 mart – 30 aprel tarixlərində (bayram və qeyri-iş günləri daxil) elektron qaydada, həmçinin 1 aprel – 30 aprel tarixlərində regional sənəd qəbulu mərkəzlərində olmaqla iki formada həyata keçiriləcək. Sənəd qəbulu mərkəzləri Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək”, – nazirlikdən bildirilib.
Qaydalara əsasən, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və “q” bəndinə (ştat ixtisarına görə) müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılmış 40 yaşı tamam olmayan hərbi vəzifəlilər qəbul edilir.
Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.