Tbilisidə Gürcüstan azərbaycanlıları üçün iftar mərasimi


Azərbaycan və Gürcüstan liderlərinin müdrik siyasəti dövlətlərin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına, uğurlu sosial-iqtisadi inkişaf modellərinin qurulmasına imkan yaradıb. SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Ramin Məmmədov Gürcüstandakı azərbaycanlılar üçün Tbilisidə təşkil edilən iftar mərasimində deyib.

Onun sözlərinə görə, iki xalq arasında tarixən mövcud olan dostluq, qardaşlıq əlaqələri əhəmiyyətlidir: “Soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası, onların dini etiqad azadlıqlarını təmin etmək üçün yaradılan şərait təqdirəlayiqdir. Bu tədbirlər ortaq dəyərlərə əsaslanan dostluq, birlik və həmrəylik bağlarını daha da möhkəmləndirəcəyinə əminəm”.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev İslam dəyərlərinə və həmrəyliyinə böyük önəm və töhfə verən əsas ölkələrdən biri olduğumuzu, dini tolerantlığın ölkəmizdə həyat tərzinə çevrildiyini bildirib. Eyni zamanda iftar mərasiminin həmrəyliyi nümayiş etdirmək, dostluq və əməkdaşlığı təşviq etmək baxımından önəmini vurğulayıb.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze iki ölkənin rəngarəng mədəni xüsusiyyətlərə məxsus müxtəlif millətlər və dinlərin nümayəndələrinin bir yerdə, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşadığı dövlətlər olduğunu qeyd edib. Rustavi və Tbilisidə təşkil edilən iftar mərasimlərinin uğurlu dialoq, ortaq fikirlər və qarşılıqlı hörmətin bariz nümunəsi olduğunu söyləyib.

Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Arzu Nağıyev iki ölkə arasında əməkdaşlığın iqtisadi, sosial və siyasi baxımdan nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb, institutun Gürcüstanın dini təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq münasibətləri barədə danışıb.

Gürcüstan Müsəlmanları İdarəsinin Qərbi Gürcüstan üzrə müftisi Adəm Şantadze çıxışında həmrəylik, dostluq, qardaşlıq, habelə xeyirxahlıq baxımından iftar təşəbbüsünün əhəmiyyətini vurğulayıb, iki ölkə arasında dini sahədə əməkdaşlığın təkmilləşməsinin önəmi barədə fikirlərini bildirib.

Ramazan duası səsləndirilməsindən, Quran tilavətindən sonra iftar süfrəsi açılıb.

Əlaqəli Xəbərlər