Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi təntənəli iftar mərasimi təşkil edib


Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə Moskvada təntənəli iftar mərasimi keçirilib. SİA xəbər verir ki, Rusiya paytaxtında ənənəvi olaraq keçirilən “Ramadan ayı” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi təntənəli iftar süfrəsi təşkil edib. Tədbirdə ictimaiyyətin, diplomatik korpusun nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin müdiri Tamilla Əhmədova tədbirdə salamlama nitqi ilə çıxış edərək, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan iftara qatıldıqlarına görə qonaqlara təşəkkürünü bildirib.

“Düşünürəm ki, bu gecə birlik, qardaşlıq və xoş əhvali-ruhiyyə ruhunda keçməlidir. Ramazan ayı, həmçinin qəlbi təmizləməyə, ruhu qidalandırmağa, xeyirxah əhvali-ruhiyyəyə köklənməyə çağırışdır. Müasir təlaş və həddindən artıq informasiya yükü şəraitində bir qədər imanı gücləndirmək və mənəvi yenilənmə haqqında düşünmək xüsusilə vacibdir. Əminəm ki, Uca Allah bütün dualarınızı eşidəcək”, – deyə T.Əhmədova bildirib.

Azərbaycanda tolerantlıq və dinlərarası harmoniyaya toxunan Tamilla Əhmədova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionun siyasi və iqtisadi lideri olmaqla yanaşı, həm də mədəniyyətlərarası və dinlərarası dialoqun mühüm mərkəzinə çevrildiyini vurğulayıb.

O qeyd edib ki, Qarabağ məsələsi Azərbaycan xalqı üçün hər zaman ağrılı və mühüm olub. Lakin Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi sayəsində bu problem həll edilib. T.Əhmədova Qarabağın azadlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etməyə çağırıb. Bildirilib ki, Heydər Əliyev Fondu aztəminatlılara, kimsəsizlərə, ehtiyacı olanlara dəstək məqsədilə genişmiqyaslı işlər həyata keçirir və bütün bunlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun fəaliyyətinin kiçik bir hissəsidir.

Fondun nümayəndəliyinin direktor müavini Nazim İsmayılzadə çıxışında Ramazan ayının mənəvi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu ay insanları təmizlənməyə, mərhəmətli, xeyirxah işlər görməyə, bir-birinə dəstək olmağa çağırır. Onun sözlərinə görə, iftar süfrələrinin keçirilməsi müxtəlif peşələri, baxışları və nəsilləri birləşdirən gözəl ənənəyə çevrilib. O, Fondun fəaliyyətinə göstərdikləri diqqətə görə iştirakçılara minnətdarlığını bildirib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirinin müşaviri İsmayıl Əsədov çıxışında Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Heydər Əliyev Fondunun, eləcə də onun Rusiyadakı nümayəndəliyinin mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, Fond humanitar və mədəni sahələrdə layihələri fəal şəkildə həyata keçirir və Azərbaycan mədəniyyətinin təbliğinə töhfə verir. O, müqəddəs Ramazan ayında Moskvada iftar mərasiminin keçirilməsinin xeyirxahlıq, qarşılıqlı yardım və birlik ruhunu əks etdirən gözəl ənənəyə çevrildiyini vurğulayıb.

Tədbir çərçivəsində Moskvadakı dini məktəbin direktoru Anas-Hazrat Məmmədov da çıxış edib.

İftar mərasimi bayram əhvali-ruhiyyəsi, mənəvi harmoniya ab-havasını yaradan “Buta Trio” ansamblının çıxışı ilə müşayiət olunub.

Əlaqəli Xəbərlər