Əbu-Dabidə “Qlobal səhiyyə həftəsi” keçiriləcək


Aprelin 15-dən 17-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə “Uzunömürlülüyə doğru: səhiyyənin və sağlamlığın yeni konsepsiyası” şüarı altında “Qlobal Səhiyyə Həftəsi” keçiriləcək. SİA BƏƏ Xəbər Agentliyinə istinadla bildirir ki, tədbir çərçivəsində baş tutacaq açıq dialoq görüşləri və eksklüziv panel iclaslarında 200-dən çox mütəxəssisin, əlaqədar qurumların rəhbərlərinin, iş adamlarının və investorların çıxışı gözlənilir. Üç gün davam edəcək tədbirdə, ümumilikdə, 15 mindən çox qonaq, 1900 nümayəndə heyəti iştirak edəcək. Bu hadisə çərçivəsində strateji tərəfdaşlıqları gücləndirmək və bilik mübadiləsi aparmaq məqsədilə 90 ölkədən 150 qurum öz imkanlarını nümayiş etdirəcək.

Tədbirdə “Uzun sağlam həyat: tibbin gələcəyinə şəxsi xarakterin verilməsi”, “Səhiyyə sisteminin dayanıqlılığı: səhiyyənin dayanıqlılığının artırılması”, “Rəqəmsal səhiyyə və süni intellekt: müasir texnologiya ilə səhiyyənin dəstəklənməsi” və “Bioloji elmlərə investisiya: daha geniş üfüqlərə doğru innovasiyalar” mövzuları müzakirə ediləcək.

Bundan başqa, tədbir çərçivəsində “Ağıllı səhiyyə hakatronu”nun qalibləri elan ediləcək, nazirləri, akademik qurumların rəhbərlərini bir araya gətirəcək forum keçiriləcək. Forumda səhiyyənin qarşılaşdığı böyük çağırışlar müzakirə ediləcək və həll yolları göstəriləcək.

Bununla yanaşı, Səhiyyə Həftəsi çərçivəsində “Startaplar məkanı” yaradılacaq. Burada investorlar qarşısında innovativ ideyalar nümayiş ediləcək, “İnnovasiya mükafatı” təqdim olunacaq.

Əlaqəli Xəbərlər