Masallıda “Erkən müayinə can qurtarır” adlı tibbi aksiya keçirilib


Səhiyyə Nazirliyi və “PAŞA Holding”in birgə təşkilatçılığı ilə “Erkən müayinə can qurtarır” adlı növbəti aksiya Masallı rayonunda reallaşıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, diabet xəstəliyinin erkən müayinəsi üçün təşkil olunan aksiyada Masallı sakinləri aktiv iştirak ediblər.

Tibbi müayinə Masallı rayonunda yerləşən Bioloji Təbabət Klinikasında təşkil edilib. “Fərqindəlik” layihəsinin rəhbəri Şəbnəm Həsənova bildirib ki, aksiyanın məqsədi diabet xəstəliyinin erkən mərhələlərində diaqnostikasını aparmaq, xəstəliyin qarşısını almaq və yerli əhali arasında sağlam həyat tərzi barədə maarifləndirməni gücləndirməkdir.

Gün ərzində 400-ə yaxın sakin tibbi müayinədən keçib və onlarla erkən diaqnostikanın əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparılıb. Onlara diabetin erkən mərhələdə aşkarlanmasının vacibliyi izah edilib və vaxtında görülən tədbirlərin mümkün fəsadların qarşısını almaqda mühüm rol oynadığı vurğulanıb.

Qeyd edək ki, Masallıda keçirilən “Erkən müayinə can qurtarır” aksiyası ölkənin digər regionlarında da təşkil olunacaq. Region sakinləri diabetin erkən mərhələlərində aşkarlanması və ona qarşı mübarizənin effektivliyi ilə bağlı məlumatlandırılacaqlar. Məqsəd diabetin qarşısını almaq, insanları sağlamlıqları ilə bağlı məlumatlandırmaq və sağlam cəmiyyət qurmaqdır.

Əlaqəli Xəbərlər