Ağsuda ekoloji maarifləndirmə: tullantılardan sənət əsəri yaradıldı


Ağsu rayonu Gəgəli kəndi “Tərəkəmə yurdu” folklor-turizm məkanında 30 Mart – Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir “Kənd məktəblərində sıfır tullantı biliklərinin aşılanması və incəsənətə tətbiqinin öyrədilməsi” layihəsi çərçivəsində reallaşıb. Layihə Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibidir. Məqsəd kənd məktəblərində ekoloji təhsilin inkişaf etdirilməsi, tullantıların düzgün idarə edilməsi və onların incəsənətə tətbiq olunması istiqamətində bilik və bacarıqların artırılmasıdır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə məktəb rəhbərləri, müəllimlər, şagirdlər, bələdiyyə üzvləri, mədəniyyət və idman sahəsinin nümayəndələri, ekoloqlar və kənd sakinləri iştirak ediblər. Çıxış edənlər layihənin əhəmiyyətini vurğulayaraq tullantıların düzgün çeşidlənməsi və təkrar istifadəsinin ekoloji problemlərin azaldılmasında mühüm rol oynadığını qeyd ediblər.

Layihənin ən maraqlı məqamlarından biri tullantılardan incəsənət nümunəsi kimi hazırlanan metal at heykəlinin təqdimatı olub. Heykəl orta əsr Ağsu şəhərində tapılmış tunc at fiqurunun formasında hazırlanıb və “Tərəkəmə yurdu” folklor-turizm məkanında quraşdırılıb. Bu unikal incəsənət nümunəsi məktəblilər tərəfindən toplanmış yaşıl şüşə butulkalarla doldurulub. Qeyd edək ki, bu növ butulkalar hazırda ölkəmizdə təkrar emala getmir və layihə çərçivəsində onların tullantıya çevrilməsinin qarşısını almaq üçün yaradıcı həll yolu təklif edilib. Layihə rəhbəri, Ağsu rayonu Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin incəsənət müəllimi Lalə Xəlilova bildirib ki, layihə çərçivəsində məktəblilər sıfır tullantı konsepsiyası, tullantıların çeşidlənməsi və onların incəsənət əsərlərinə çevrilməsi barədə nəzəri və praktiki biliklər əldə edirlər. O, layihənin məqsədi haqqında, indiyə qədər görülən işlər, hazırlanmış tədris vəsaitləri, təlim və məşğələlər barədə məlumat verib. Bildirilib ki, layihə çərçivəsində sıfır tullantı məşğələsinin proqramının hazırlanması və çap olunması, 350 şagird üçün məktəbdənkənar məşğələlərin keçirilməsi, məktəblilər üçün tullantıdan incəsənətə kurs planının hazırlanması və çap olunması, 30 məktəbli üçün tullantıdan incəsənətə kursunun keçirilməsi, açıq onlayn resurslar üçün videoməşğələnin hazırlanması və yayımlanması nəzərdə tutulub. Bu tədbirlər məktəblilərin ekoloji düşüncəsinin inkişaf etdirilməsi, tullantıların təkrar istifadəsi və incəsənət vasitəsilə yeni dəyərlər yaradılması istiqamətində mühüm addımdır.

Xatırladaq ki, 2022-ci il dekabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında martın 30-u Beynəlxalq Sıfır Tullantı Günü elan edilib. Türkiyə Cümhuriyyəti tərəfindən irəli sürülən həmin təşəbbüsə 105 ölkə qoşulub. Bu gün dünyada dövlət qurumları, vətəndaş cəmiyyəti üzvləri, özəl sektor nümayəndələri, akademik dairələr və gənclər tullantıların idarə olunması və ekoloji dayanıqlılıqla bağlı müxtəlif təşəbbüslərdə iştirak edirlər. Ağsuda keçirilən bu tədbir də Beynəlxalq Sıfır Tullantı Gününün mahiyyətinə uyğun olaraq tullantıların idarə edilməsi, təkrar istifadəsi və ekoloji təhsilin genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir.

Əlaqəli Xəbərlər