Asiya İnkişaf Bankı (ADB) 8,3 milyard yuan (1,15 milyard ABŞ dolları) dəyərində olan, üç illik müddətə nəzərdə tutulan panda istiqrazlarının buraxılışını uğurla həyata keçirib və bu, banka həm suveren, həm də özəl borcalanların inkişaf layihələrini dəstəkləmək üçün əhəmiyyətli kapital cəlb etməyə imkan verəcək. SİA ADB-yə istinadən xəbər verir ki, bu, bankın tarixində bu alətin ən böyük buraxılışıdır. İstiqrazların kupon dərəcəsi 1,81 % təşkil edib.
Yerləşdirmə həm yerli, həm də xarici investorların yüksək marağına səbəb olub ki, bu da bankın davamlı inkişaf prinsiplərinə sadiqliyinə yüksək səviyyədə inamın olduğunu nümayiş etdirir.
“Biz yeni panda istiqrazlarımızın uğurla yerləşdirilməsindən məmnunuq. Bu uğur Çin istiqraz bazarında yüksək keyfiyyətli və dayanıqlı investisiya alətlərinə güclü tələbi vurğulayır. Vəsaitlərin cəlb edilməsi regionda iqtisadi artımı stimullaşdırmaq və yoxsulluğu azaltmaq missiyamızın təşviqində mühüm rol oynayacaq”, – bankın xəzinədarı Tobias Hoşka bildirib.
Panda istiqrazlarının buraxılması ADB-nin Asiya və Sakit Okean regionunda inkişaf etməkdə olan bazarlarda maliyyə mənbələrini diversifikasiya etmək və yerli valyuta kapitalını artırmaq strategiyasının bir hissəsidir. Əldə ediləcək vəsait bankın üzv ölkələrində inklüziv və davamlı inkişafı təşviq edən layihələrin həyata keçirilməsinə sərf olunacaq.
ADB 1966-cı ildə yaradılıb. Qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Banka 69 ölkə daxildir, onlardan 49-u Asiya-Sakit okean regionunda yerləşir.