Bibiheybət məscid-ziyarətgah Kompleksində tədbir keçirilib


Bibiheybət məscid-ziyarətgah Kompleksində bağlı şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya bildiriblər ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əiyevin, soyqırımı qurbanlarının, həmçinin torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirini açıq elan edən Bibiheybət məscid-ziyarətgah Kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Rahib Babayev bildirib ki, son iki yüz il ərzində ermənilərin “böyük Ermənistan” yaratmaq xülyalarını həyata keçirmək istiqamətində atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllər və soyqırımı aktları ilə nəticələnib. XX əsrin əvvəllərində ermənilər təkcə hazırda Ermənistan adlanan ərazidə deyil, Cənubi Azərbaycanda, Borçalıda, Bakı quberniyasında, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar, terror və digər zorakılıq aktları həyata keçirib, minlərlə günahsız insanı qətlə yetiriblər.

O bildirib: “Uzun illər etdiyimiz dualar və arzularımız çin oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsi və daha sonra lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa edildi. Buna görə də biz öz şəhidlərimizə, qazilərimizə, igid əsgər və zabitlərimizə minnətdarıq. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik.

Bu gün şəhidlərimizin ailələri, qazilərimiz dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. Onlara dəstək üçün bütün lazımi tədbirlər görülür. Çünki bu şanlı Qələbəmizə görə biz ollara borcluyuq”.

Tədbirdə çıxış edən Bakı Şəhər və Səbail Rayon İcra hakimiyyətlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, şəhid ailələri üzvləri, müharibə vereranları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdiblər.

Əlaqəli Xəbərlər