Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə təşkilatın maliyyələşdirilməsinə dair sazişi imzalamaqdan imtina etdiyini bildirib. SİA xəbər verir ki, bu barədə yerli mətbuat Ermənistan XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığını və müvafiq olaraq bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini rəsmən bildirib”, – deyə Ermənistan XİN-dən bildiriblər.
Nazirliyin məlumatına görə, KTMT-nin daxili prosedurlarına uyğun olaraq, təşkilatın illik büdcəsi haqqında məlumat ictimaiyyətə açıqlanmayacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini bəyan etmişdi ki, Ermənistan 2025-ci ilin sonuna qədər müvafiq rüsumları ödəməsə, KTMT-yə üzv ölkələr vəziyyətin inkişafı üçün müxtəlif ssenarilər nəzərdən keçirə bilər.