31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şamaxı rayonunda anım tədbiri keçirilib.
Əvvəlcə eayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivlərinin, eləcə də yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə soyqırımı abidəsi ziyarət olunub, qurbanların əziz xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, abidə önündə çıxış edənlər XX əsr Azərbaycan tarixinin ən qanlı faciələrindən biri olan 31 Mart soyqırımının erməni daşnak qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğınlardan biri olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, 1918-ci ilin mart-aprel aylarında bolşevik-erməni silahlı dəstələri Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda kütləvi qətllər törədərək dinc əhalini misli görünməmiş amansızlıqla məhv ediblər. Təkcə Şamaxı qəzasında 58 kənd tamamilə yerlə-yeksan olunub, 8027 nəfər (4190 kişi, 2560 qadın, 1277 uşaq) vəhşicəsinə öldürülüb. Ən dəhşətlisi isə odur ki, bu qətliamlar təkcə insanları məhv etmək məqsədi daşımırdı, eyni zamanda, Azərbaycan xalqının mədəni və dini irsinə qarşı yönəlmişdi. Cənubi Qafqazın və Yaxın Şərqin ən qədim müsəlman ibadət ocaqlarından biri olan Şamaxı Cümə məscidi daşnaklar tərəfindən yandırılmış, onlarla insan içəridə diri-diri qovrulmuşdu.
Tarixçilərin sözlərinə görə, ermənilər Şamaxıda qadınları və uşaqları məscidlərə dolduraraq diri-diri yandırır, insanları ağlasığmaz vəhşiliklə qətlə yetirirdilər. Tarixi sənədlər və şahidlərin ifadələri göstərir ki, bu qətliamlar planlı şəkildə, azərbaycanlıların öz doğma torpaqlarından məhv edilməsi məqsədilə həyata keçirilirdi.
Bildirilib ki, uzun illər ərzində bu faciə haqqında açıq danışmaq mümkün deyildi. Lakin Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edildi və bu hadisələrə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Bu gün Azərbaycan dövləti və xalqı 31 Mart soyqırımının qurbanlarını unutmur. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl iş aparılır. Heydər Əliyev Fondu, eləcə də müxtəlif diaspor təşkilatları beynəlxalq tədbirlər keçirərək, erməni vandalizminin ifşa olunmasına çalışır.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü təkcə tariximizin acı səhifəsi deyil, həmçinin xalqımızın milli kimliyini və suverenliyini qorumaq üçün mübarizəsinin rəmzidir.