“Azərbaycan regionda sülhün bərqərar olmasında maraqlı ölkə olduğunu dəfələrlə sübut edib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.
O bildirib ki, 30 illik münaqişə dövründə beynəlxalq sənədlərə istinadən həll variantlarını Ermənistana təklif etsə də, qarşı tərəf hər fürsətdən istifadə edərək həll variantlarını müzakirə etmək istəməyib: “Torpaqlarımızın azad edilməsi bütün danışıqların əsas predmeti olub, İrəvan isə xarici havadarlarının çətiri altından buna qarşı fəaliyyət göstərib. Avropanın müxtəlif şəhərlərində keçmiş vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə də oxşar nəticələr əldə edilib, beynəlxalq güclər isə Ermənistanın qanunsuz, heç bir beynəlxalq qanunlar çərçivəsinə sığmayan hərəkətlərinə lazımi qiymət verməyiblər.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirəndən, 44 günlük müharibədə bütün dünyanın tanıdığı ərazilərini azad etdikdən sonra həmsədr ölkələr də daxil aparıcı güclərin reaksiyasında çaşqınlıq özünü göstərirdi. Azərbaycan Ermənistanın başlatdığı ədalətsiz müharibəni ədalətli şəkildə həll etməklə dünyaya bir nümunə göstərdi. Adətən məğlub ölkəyə qarşı bəlli qadağalar tətbiq edilir, onların beynəlxalq hüquq çərçivəsində fəaliyyət dairəsi məhdudlaşdırılır, amma Azərbaycan əksinə, kapitulyasiya aktını imzalamış Ermənistana ədalətli sülh təklif edir, onun ərazi bütövlüyünü tanıyır, sülh üçün 4 əsas baza prinsiplərini əsas götürür. Son hadisələr də göstərir ki, müharibənin bitməsindən 4 il 4 ay keçməsinə baxmayaraq Azərbaycan mövqeyində heç bir dəyişiklik etməyib. Əvvəlki kimi, yenə də Ermənistanla sülh sazişinin imzalamasında maraqlıdır. Erməni tərəfinin atəşkəsi pozmasına gəlincə, bəzi revanşist qüvvələrin orduda hələ də qaldıqlarını söyləmək olar. Onlar münaqişənin sülhlə bitməsində maraqlı deyillər. Xarici təsirlər də az rol oynamır. Dünyada beynəlxalq standartları dəyişmək cəhdləri var. Amma Azərbaycan öz mövqeyində qətidir, sülh gündəliyinin sazişin imzalanması ilə yekunlaşacağına inanırıq”.