“Bağlanma uşağın ilk dünyaya gəldiyi andan etibarən uşaqla ona baxan şəxs arasında formalaşır. Bu şəxs, adətən, ana olsa da bəzən ata, nənə, ya da uşağın dayəsi də ola bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoruYeganə Əsgərova bildirir. Uşağa baxan şəxs onun tələbatlarını nə qədər yaxşı ödəyərsə, bağlanma da bir o qədər sağlam olar. Tələbatlar dedikdə, ilk növbədə, yemək, təmizlik nəzərdə tutulur, amma duyğusal ehtiyacların ödənməsi də çox önəmlidir. Bağlanma nə qədər sağlam olarsa, şəxsi həyatdakı seçimlər də bir o qədər uğurlu olar:
“İnsanın bağlanma stilləri güvənli və güvənsiz olmaqla iki hissəyə ayrılır. Tələbatlar vaxtında və doğru ödənilmədiyi zaman güvənsiz bağlanma yaranır. Həmin şəxslər daim qayğılı və təşvişli olurlar. İstər dostluq, istərsə də şəxsi seçimlərində bir qədər uğursuzdurlar. Tərkedilmə qorxusu yaşayırlar. Uzaq məsafə münasibəti onlarlıq deyil. Ayrılığı isə qəbullanmaqda çətinlik çəkirlər. Güvənli bağlanmada isə, əksinə, tələbatlar vaxtında və doğru ödənilmişdir. Şəxs sevildiyinin fərqindədir. Həm dostluq, həm də sevgili seçimləri daha uğurlu olur. Münasibətlərində güvənli və anlayışlıdırlar”, – deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.
Afət Tahirqızı