Avropa Tələbələr Forumu Bakı İctimai Biriliyi tərəfindən 17-23 mart tarixlərində paytaxt Bakı və Şamaxı şəhərlərində keçirilən Novruz bayramına həsr edilmiş Beynəlxalq Novruz Festivalı Azərbaycan (INFA) layihəsi uğurla yekunlaşıb. SİA xəbər verir ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycan və Avropa ölkələrindən olan gənclər arasında mədəniyyətlərarası mübadilənin inkişafına töhfə vermək, onlar arasında ölkəmizin zəngin mədəni və tarixi irsinin tanıdılmasını təmin etmək, həmçinin qədim Novruz adət-ənənələrini beynəlxalq ictimaiyyətə təqdim etməkdir.
Novruzun rəngarəng atmosferini birlikdə paylaşdığımız, 7 gün davam edən festivalda Türkiyə, Rusiya, İspaniya və Çexiya kimi müxtəlif ölkələrdən 25 xarici qonaq olmaqla, ümumilikdə 50 iştirakçı bir araya gələrək bu möhtəşəm bayramı qeyd edib.
Festival çərçivəsində iştirakçılar Bakı və Şamaxı şəhərlərinin ətrafında mühüm tarixi və mədəni yerləri – Suraxanı Gəmi Muzeyi, Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı, Yaşıl və Şərq bazarları kimi məkanları ziyarət ediblər. Layihədə iştirak edən gənclər UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan qoruğunu ziyarət edərək minilliklər öncəyə aid qayaüstü rəsmləri və qədim insan izlərini müşahidə ediblər. Bununla yanaşı, Şamaxı Astrofizika Rəsədxanasına təşkil olunan səfər zamanı onlar astronomiya elminin inkişafı, kainatın sirləri və ulduzların müşahidəsi ilə bağlı dəyərli məlumatlar əldə ediblər. Bu layihə, iştirakçıların Azərbaycan mədəniyyəti haqqında biliklərini dərinləşdirməklə yanaşı, Avropa və Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər arasında əlaqələrin möhkəmlənməsinə də töhfə verib.
Qeyd edək ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın zəngin mədəniyyətini, qonaqpərvərliyini, tolerantlığını və multikultural dəyərlərini tanıtmaq baxımından mühüm rol oynayır. Ötən il Şəki və Ağsu şəhərlərində təşkil edilən festivalın gələcək illərdə də ənənəvi olaraq keçirilməsi davam etdiriləcəkdir. Bu layihə, müxtəlif ölkələrdən gələn iştirakçılara Novruz ruhunu birgə yaşamaq və mədəniyyətlərarası dialoqu gücləndirmək üçün əvəzolunmaz bir fürsət təqdim edir.
Son olaraq, AEGEE-Bakı, layihəyənin keçirilməsində göstərdiyi dəstəyə görə “Azərsüd” şirkətinə dərin minnətdarlığını bildirir.