“Kiberdələduzlara qarşı diqqətli olun!” – Polis Balakəndə tədbirlər keçirdi


Kiber oğurluq və dələduzluq hallarına qarşı mübarizə işinin daha da gücləndirilməsi, bu sahədə sakinlər arasında maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Balakəndə polis əməkdaşları tərəfindən silsilə tədbirlər təşkil olunub. Bankomat və ödəmə terminallarının ətrafında, mağazalarda, digər ictimai iaşə obyektlərində xəbərdaredici lövhələr vurulub. Eyni zamanda, sakinlərə internet resursları üzərindən törədilən cinayətlərlə bağlı məlumatverici vərəqələr paylanılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı vətəndaşlara izah olunub ki, bank və digər şəxsi məlumatlar heç bir halda qarşı tərəfə ötürülməməli, mobil internetin sürətinin artırılması ilə bağlı gələn şübhəli mesajlarda linklərə keçid etməməli, alış-veriş saytlarında məhsula baxış keçirmədən tanımadıqları şəxslərə beh göndərməməli, sosial şəbəkələrdə aşağı faizlə kredit təklif edən dələduzların şirnikləndirici vədlərinə inanmamalıdırlar.

Polis əməkdaşları tərəfindən vətəndaşlara, xüsusilə təqaüdçülərə kartlarındakı pulu nağdlaşdırmaq məqsədilə tanımadıqları şəxslərdən kömək istəməmək, digər şəxsin kart hesabına pul göndərmək istəyən zaman isə yalnız bankların səlahiyyətləri əməkdaşlarına müraciət etmələri tövsiyə olunub.

Əlaqəli Xəbərlər