“Evlilik, bir sosial hadisə olaraq cəmiyyətin sağlam təməllər üzərində qurulması üçün önəmli bir elementdir. Cəmiyyətin düzgün inkişafı üçün ailələr sağlam və möhkəm təməllərə dayanan şəkildə qurulmalı və zamanla inkişaf etməlidir. Lakin son illərdə keçirilən toyların formatları bu prinsiplərə uyğun gəlmir və millətimizin adət-ənənələrini, o cümlədən dini və milli dəyərlərimizi təhrif edir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
O bildirib ki, şəxsən, keçmişdə keçirilən toyların da formatının tərəfdarı deyiləm: “Keçmişdə edilən toylarımızda da kifayət qədər neqativ məqamlar mövcud idi. Amma günümüzdəki toylarla müqayisə edilməz dərəcədə daha sadə, daha uyğun bir format idi. Bugünkü toy formatı ilə bağlı narazılığım, keçən 30 illik dövrün toy ənənələrinin böyük ölçüdə dəyişməsidir. Məsələn, rayonlarda təşkil olunan qız toylarında mağarlar qurulurdu və ətrafa toplanan gənc oğlanlar qızlara baxırdılar. Bu, bizim milli və dini dəyərlərimizlə ziddiyyət təşkil edən bir davranış idi. Əgər toy qız üçün təşkil olunursa, niyə ətrafdakı oğlanlar 5-6 saat qızlara baxmalıdırlar? O dövrlərdə nişan adəti mövcud idi, amma bunun da çox məntiqsiz bir tətbiqi var idi – oğlan evi tərəfindən qız üçün alınan paltarlar detallı şəkildə kameralar qarşısında nümayiş etdirilirdi. Bu, həm lazımsız, həm də yersiz bir proses idi.
O dövrlərdə kişi və qadın toylarının ayrı keçirilməsi adi hal sayılırdı. Lakin, zamanla “kampaniya” adlı yeni format ortaya çıxdı ki, kişi və qadınlar birgə məclisdə iştirak etməyə başladılar. Son 30 ildə bu trend, bugünkü toyların şahidi olduğumuz vəziyyətinə gətirib çıxarmışdır.
Bugünkü toyların vəziyyəti, həqiqətən də, daha acınacaqlıdır. Məsələn, toya dəvət edilən müğənnilər yarım saatlıq çıxışlarına böyük məbləğlər ödəyirlər. Yarım saatı toyda ifasına görə 10000AZN qanarar alan müğənnilər var. Bununla yanaşı, toyda ifa olunan mahnıların əksəriyyəti fonogramadır, bu isə toy sahibinə hörmətsizlik və onu aldatmaq deməkdir. Bir çox toylarda, yarıçılpaq rəqqasələrin iştirakı, milli-mental dəyərlərimizə tamamilə ziddir. Həmçinin, menyu qiymətlərinin ildən-ilə kəskin artması da israfçılığa və cəmiyyətin maddi baxımdan təzyiq altına düşməsinə səbəb olur. Məsələn, orta səviyyəli şadlıq saraylarında menyu qiymətləri 90-120 AZN arasında dəyişir. Daha yüksək səviyyəli menyular isə 150-300 AZN civarındadır. Bütün bunlara nəzər saldıqda, toy artıq iki gəncin izdivacı mahiyyətindən çox, insanların bir-biriləri ilə öyünmə və göstəriş etməsi halına gəlib çıxır. Bu, çox təəssüf doğurur ki, bir çox gənc bu səbəbdən ailə qura bilmir”.
“Avropada isə toy mədəniyyəti tam fərqlidir. Burada toyların göstərilməsindən daha çox, sadə və təvazökar bir şəkildə keçirilməsinə üstünlük verilir. Hovuz ətrafında, sadə desert süfrəsi ilə kiçik bir məclis təşkil edilir və beləliklə, toy tamamlanır. Avropada, toylara olan baxış açısı daha təbii və minimalizmə yönəlmişdir. Burada heç kim toydan sonra təəccüblü bir məbləğ ödəmək və ya çoxlu sayda qonaq dəvət etmək məcburiyyətində qalmır. Avropa toy formatını misal çəkməyim heç də onun birmənalı tərafdarı olduğum anlamını daşımır. Bu məhz israfla bağlıdır. Əslində biz özümüzə uyğun toy formatı təklif etməliyik. Hansı ki, milli-mental, dini dəyərlərimizə zidd olmasın.
Mənim fikrimcə, Azərbaycanın toy mədəniyyətində bəzi dəyişikliklər etmək lazımdır. Toyda yalnız kişi və qadın məclislərinin ayrı keçirilməsi məsləhət görülməlidir. Kişi toyunda yalnız kişilər iştirak etməli, qadın toyunda yalnız qadınlar olmalıdır. Rəqqasələr də yalnız milli rəqsləri ifa edənlərdən seçilməlidir. Kişilər, yalnız kişi rəqqaslarını, qadınlar isə yalnız qadın rəqqaslarını dəvət etməlidir. Menyu qiymətləri isə 3 kateqoriyada olmalıdır: 40 AZN, 60 AZN, 80 AZN. Bu halda, toy sahibinin xərcləri daha məqsədyönlü olacaq və nəticədə toy sahibinə yardım məqsədi üçün 100-150 AZN hədiyyə yazdıran orta gəlirli qonaqların sayəsində toy sahibi müəyyən məbləğ əldə etmiş olar ki, bunu da övladının cehiz və digər xərcləri üçün sərf edə bilər.
Təəssüf ki, belə bir dəyişikliyin həyata keçirilməsi çox çətin görünür. Cəmiyyətin mövcud sosial təzyiqləri və insanların toyları daha böyük və daha zövqlü göstərmək istəyi buna mane olur. Lakin, əgər biz ailə quruluşunun və milli dəyərlərin qorunmasını istəyiriksə, bu cür dəyişikliklərə ehtiyacımız var” – deyə o, əlavə edib.