“Dərnəgül” elektrik deposunun inşasında dair son vəziyyət açıqlanıb


“Bakı metropoliteni” QSC-nin yeni inşa olunan “Dərnəgül” elektrik deposu “28 May” stansiyasında kəsişən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biridir. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, hazırda həm Qırmızı, həm də Yaşıl xətlərə yalnız “Nərimanov” elektrik deposu xidmət göstərir.

Lakin bu depo yalnız bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin artan tələbatını tam qarşılamır.

Yeni “Dərnəgül” elektrik deposu Binəqədi rayonu, M.Əliyev küçəsinin 3126–3127-ci məhəlləsində yerləşən 16,5 hektara yaxın ərazidə inşa olunur. Sahə dəmir yolu xəttinə çıxışı da əhatə etməklə hasarlanıb.

Ərazinin mürəkkəb və müxtəlif relyef xüsusiyyətləri nəzərə alınaraq istinad divarlarının dəmir-beton konstruksiyalarının tikintisi tamamlanıb. Üç nəzarət-buraxılış məntəqəsindən ikisi tam hazır vəziyyətə gətirilib.

Depolar üçün vacib sayılan səthin hamarlanması işləri yerinə yetirilib. Ərazidə artıq 7 mərtəbəli inzibati bina və 2 mərtəbəli istehsalat emalatxanalarının tikinti-quraşdırma işləri başa çatdırılıb.

Burada 500 kubmetrlik iki yanğın su anbarı və 100 kubmetrlik içməli su anbarı, eləcə də xidmət və texniki otaqların tikintisi tamamlanıb. Dartı-alçaldıcı elektrik yarımstansiyası və iki qazanxanadan biri üzrə tikinti işləri qismən yekunlaşıb.

Qatarların dayanma-təmir sahəsində hərəkətin təşkili və idarəetmə mərkəzi, vaqonların əsaslı təmiri, təkəryonma, təkər cütlərinin diaqnostikası, vaqonyuma və üfürmə sahələri, eləcə də dönmə dairəsinin inşası da nəzərdə tutulur.

Bundan əlavə, rels-qaynaq sexi, qazanxanalar, nasosxanalar, yağış sularının və işlənmiş mayelərin axar və çənləri, təmizləyici qurğular və digər mühüm texniki obyektlər də inşa ediləcək.

Depoda çalışan işçilər üçün zəruri əmək və istirahət şəraitinin yaradılması da layihəyə daxildir. Avtodayanacaq, söhbətgahlar, idman meydançası, istirahət guşələri, yaşıllıq sahələri və parklar salınacaq. Ekoloji layihə çərçivəsində əraziyə 1000-ə yaxın ağac əkiləcək, çəmənlik zonalar yaradılacaq.

Depo ərazisində inşa ediləcək yerüstü platforma isə yaxınlıqda yaşayan sakinlərin metrodan daha rahat və səmərəli istifadə etməsinə imkan verəcək. Burada platformanı keçidlə birləşdirən tunel, gözləmə zalı, açıq hava şəraitindən qoruyan konstruksiyalar və müvafiq xidmət infrastrukturu da tikiləcək.

Hazırda layihənin yekunlaşdırılması, ekspertiza mərhələsi və inşaat işləri paralel şəkildə davam etdirilir.

Əlaqəli Xəbərlər