Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib


“Auditor xidməti haqqında” qanuna uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. SİA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məcburi audit subyektlərinə müraciətində bildirilir.

Nazirlik bəyan edib ki, qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Mülki Məcəllənin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).

Məcəllənin 99.2-ci maddəsinə uyğun olaraq açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur.

Məcəllənin 100.3-cü maddəsinə əsasən qapalı səhmdar cəmiyyəti bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədləri hamının tanış olması üçün dərc etməyə borcludur.

Məcəllənin 107.6-cı maddəsinə uyğun olaraq illik hesabatının və maliyyə hesabatlarının (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditoru cəlb etməyə borcludur.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər və hüquqi şəxslər barəsində inzibati məsuliyyət nəzərdə tutulur.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları və ya elektron poçt ünvanları vasitəsi ilə müraciət etmək olar:

Tel: 012-404-46-99 (daxili 253, 239, 214, 250, 251, 252, 290).

Əlaqəli Xəbərlər