BP Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlığını davam etdirəcək


BP Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan 13 illik rəsmi tərəfdaşlığının 2028-ci ilin sonuna qədər uzadıb. SİA xəbər verir ki, ilkin tərəfdaşlıq sazişi London Yay Olimpiya Oyunlarından əvvəl, 2012-ci ilin yanvarında imzalanıb.

O vaxtdan bəri bu sazışın müddəti 2013, 2016 və 2022-ci illərdə olmaqla artıq dördüncü dəfədir ki, uzadılır.

On ildən çoxdur ki, bu tərəfdaşlıq Azərbaycanda milli idmanın inkişafına dəstək məqsədilə BP-nin hər iki komitə ilə sıx əməkdaşlığı üçün əla imkan yaradıb.

İndiyədək bu tərəfdaşlıq çərçivəsində BP Azərbaycanın çoxsaylı böyük beynəlxalq idman tədbirlərində, o cümlədən 2012-ci il London Yay Olimpiya Oyunlarında, Bakı-2015 Avropa Oyunlarında, Rio-2016 Yay Olimpiya Oyunlarında, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında, Tokio-2020 Yay Olimpiya Oyunlarında və Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakını dəstəkləyib.

Tərəfdaşlığın bir hissəsi olaraq, BP həmçinin, Azərbaycanın 10 aparıcı olimpiya və paralimpiya idmançısının hazırlığına və 2011-2020-ci illərdə onların beynəlxalq tədbirlərdə iştirakına dəstək verərək, onlar üçün fərdi inkişaf imkanları yaradıb.

Bu gün Bakıda tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin ölkənin dayanıqlı gələcəyinə və icmaların inkişafına dəstək vermək öhdəliyinin davamlı olduğunu bir daha vurğulayıb:

“30 ildən artıqdır ki, BP milli komandaların və idmançıların inkişafı və ölkənin böyük beynəlxalq tədbirlərdə uğurlu iştirakı üçün daha çox imkanlar yaratmaq məqsədilə Azərbaycanda milli idmana dəstək verən digər tərəflərlə səylərini birləşdirir. Uğurlu tərəfdaşlıq fəaliyyətlərimizlə yanaşı, BP Azərbaycanın çoxsaylı böyük beynəlxalq idman tədbirlərində, turnirlərdə və çempionatlarda iştirakına qürurla dəstək verir. BP bundan sonra da ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək öhdəliyinə uyğun olaraq, icmaları gücləndirməyə və Azərbaycanda milli idmanın inkişafına töhfələrini davam etdirəcək”.

Əlaqəli Xəbərlər