“Bu gün forumların keçirilməsi, təbii ki, bir neçə aspektdən Azərbaycan üçün çox vacibdir. Xüsusilə ADA Universitetinin və digər qurumların təşəbbüsü ilə keçirilən bu konfranslar həm ölkəmizin beynəlxalq nüfuzunun artmasına, həm də müxtəlif aktual mövzuların müzakirəsinə şərait yaradır”. Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, son günlər keçirilən konfrans da öz işinə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə başladı və bu çıxış zamanı bir çox məsələlərə aydınlıq gətirildi: “Bu konfransın əhəmiyyəti, ilk növbədə, Azərbaycanın dünyada tanıdılması baxımından mühümdür. Konfransa müxtəlif ölkələrdən dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, beynəlxalq təşkilat nümayəndələri, ekspertlər və alimlər qatılır. Bu şəxslər Azərbaycana gələrək ölkəmizdə gedən prosesləri birbaşa yerində izləyir, ölkə ilə yaxından tanış olurlar ki, bu da çox önəmlidir.
Eyni zamanda, Azərbaycanın üzləşdiyi problemlərin beynəlxalq səviyyədə işıqlandırılması və izahı baxımından da bu konfransların rolu böyükdür. Belə tədbirlər zamanı həm Prezidentin çıxışlarında, həm də digər iştirakçıların fikirlərində bu problemlər bir daha gündəmə gətirilir. Xüsusilə, bizə qarşı qərəzli mövqe tutan beynəlxalq təşkilatlar və erməni lobbiləri tərəfindən yayılan yanlış təsəvvürlərin dağıdılması baxımından bu tədbirlər effektiv nəticələr verir”.
Eyni zamanda siyasi şərhçi bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə baş verən proseslər, ermənilərin Qarabağı könüllü şəkildə tərk etməsi, erməni canilərinə qarşı məhkəmə proseslərinin aparılması, Azərbaycanın cəbhə xəttində atəşkəsin pozulması ilə üzləşməsi, mina terroru və digər məsələlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vacibdir: “Bu məsələlərdə Ermənistan və erməni lobbiləri tərəfindən yayılmış yanlış məlumatların qarşısını almaq üçün belə platformalar olduqca önəmlidir. Eyni zamanda qeyd edilməlidir ki, artıq Azərbaycan dünyanın siyasi problemlərinin müzakirə olunduğu bir məkan, bir beynəlxalq platforma statusu qazanıb. Müxtəlif qlobal məsələlərin müzakirə edildiyi yerlərdən biri kimi, Azərbaycanın burada öz mövqeyini ortaya qoyması, proseslərə töhfə verməsi çox vacibdir. Bu forumlar Azərbaycanın rolunun dəyərləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Artıq Azərbaycan bu cür proseslər üçün etibarlı və nüfuzlu beynəlxalq platformaya çevrilmişdir”.