Amerika Kino Sənəti və Elmləri Akademiyası tryukların dizaynında nailiyyətlərə görə “Oskar” mükafatının yeni kateqoriyasını yaradıb. SİA xarici mediaya istinadla xəbər verir ki, mükafata namizədlərin irəli sürülməsi və səsvermə qaydaları 2027-ci ildə elan olunacaq. Yeni kateqoriya mükafatın 100 illiyi ilə əlaqədar yaradılıb və kaskadyorların kino sənayesinə mühüm töhfəsini qeyd etmək üçün nəzərdə tutulub.
“Biz texniki və yaradıcı heyətin yenilikçi işini şərəfləndirməkdən qürur duyuruq”, – deyə Amerika Kino Akademiyasının baş direktoru Bill Kramer və prezidenti Canet Yanq birgə bəyanatda bildiriblər.
Tanınmış kaskadyorlar və tryukların koordinatorları Devid Leytç və Kris O’Hara “Oskar” nominasiyalarının artmasında böyük rol oynayıblar. Onlar Akademiya üzvlərinə mükafat kateqoriyaları siyahısına tryuk sənətini əlavə etmək ilə bağlı müraciət ediblər.
Hazırda Amerika Kino Akademiyasının heyətinə yüzdən çox kaskadyor daxildir, təşkilatdakı mütəxəssislərin ümumi sayı isə 8 mindən çoxdur.