Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib


Aprelin 12-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Psixoloqlarının I Konqresi keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, psixologiya sahəsində əlamətdar olan və tarixi əhəmiyyət daşıyan bu tədbir Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı, ali təhsil müəssisələrinin psixologiya kafedraları, dövlət və özəl qurumlarda çalışan psixoloqların dəstəyi ilə ərsəyə gəlib.

Konqres Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə dövlət rəsmiləri, akademik dairələrin tanınmış nümayəndələri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti təmsilçiləri və psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.

Açılışı nitqi ilə çıxış edən Milli Məclisin deputatı, Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev Azərbaycanda psixologiya elminin təşəkkülündən, bu sahənin inkişaf mərhələlərindən, aparıcı alim və mütəxəssislərin rolundan ətraflı bəhs edib. O, çıxışında dünya miqyasında psixologiya elminin inkişaf dinamikasına da nəzər salıb. Professor Bəxtiyar Əliyev vurğulayıb ki, Azərbaycanda psixologiya elmi zəngin ənənələrə əsaslanır və bu elm cəmiyyətin psixi rifahında, sosial-mənəvi inkişafında strateji əhəmiyyətə malikdir. O, psixoloq və psixiatr arasındakı fərqlərə toxunaraq bu sahədə ictimai maarifləndirmənin zəruriliyini vurğulayıb.

Daha sonra çıxış edən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov konqresin əhəmiyyətindən danışıb, iştirakçılara təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi institutun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, institut tərəfindən indiyədək 43 tədqiqat işi həyata keçirilib – onlardan 28-i test adaptasiyasına, 15-i modelləşdirməyə aid olub. Eyni zamanda, 22 tədqiqat məqaləsi beynəlxalq elmi bazalarda indekslənən jurnallarda nəşr edilib. İndiyə qədər tədqiqatlara “Web of Science”da 12, “Scopus”da 10 olmaqla, ümumilikdə 60 istinad olunub.

Konqresdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri professor Rəşad Mahmudov, deputat Nigar Məmmədova, ADPU-nun ümumi psixologiya kafedrasının müdiri professor Ramiz Əliyev, Bakı Slavyan Universitetinin kafedra müdiri professor Piralı Əliyev, Dövlət İdarəçilik Akademiyasının “Rəhbər dövlət idarəçiliyi kadrlarının ixtisasının artırılması” institutunun direktoru professor Gülnarə Qurbanova, Gəncə Dövlət Universitetinin psixologiya kafedrasının müdiri dosent Zümrüd Cavadova və ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, elmi mübadilə və əməkdaşlıq baxımından bu kimi platformaların vacibliyini vurğulayıblar.

Konqres çərçivəsində psixologiya elminin müxtəlif istiqamətlərini əhatə edən panel müzakirələri də keçirilib. Bu müzakirələrdə psixologiyanın təhsil, səhiyyə, idman və sosial həyatdakı rolu, tətbiqi psixologiyanın imkanları və metodoloji yanaşmalar, tədqiqatlar geniş şəkildə təhlil olunub. Müzakirələrdə tanınmış alimlər və praktiki psixoloqlar iştirak edərək sahənin aktual problemləri və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Panel müzakirələrində “İdmanda psixoloji xidmət”, “Azərbaycan psixologiyasında metodologiya və metod problemi”, “Alfa nəslinin informasiya ilə işləmə xüsusiyyətləri”, “Psixologiya təhsilinin inkişaf istiqamətləri”, “Hərbi psixoloji xidmətin aktual məsələləri”, “Tətbiqi psixologiyanın imkan və perspektivləri” mövzularında məruzələr dinlənilib.

Konqresin bağlanış mərasimində çıxış edən professor Bəxtiyar Əliyev tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirərək bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd edib.

Əlaqəli Xəbərlər