Şəhərdə avtomobillərin səs siqnallarından düzgün istifadə etmək həm sürücülərin, həm də piyadaların rahatlığı və təhlükəsizliyi üçün vacibdir. Qanunvericiliyə görə, siqnal yalnız təhlükə zamanı istifadə olunmalıdır. Lakin reallıqda bir çox sürücü bu qaydalara əməl etmir və səs siqnalından lazım olmadıqda da istifadə edir. Bu isə şəhərdə səs-küyün artmasına və insanların narahat olmasına səbəb olur. Bəs görəsən, bu qaydalara əməl olunmamasının əsas səbəbi nədir və bu problemi aradan qaldırmaq üçün hansı tədbirlər görülə bilər? SİA mövzu ilə bağlı reportaj hazırlayıb.
Məsələ ilə bağlı Bakı şəhər Yol Polis idarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli qeyd edir ki, Bakı şəhər dövlət yol polis idarəsi tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət, profilaktik tədbirlər həyata keçirilir: “Təəssüflə qeyd etməliyəm ki, edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, bu gün bəzi nəqliyyat vasitələrinin sürücüləri yenə də lüzumsuz olaraq səs siqnballarından istifadə edirlər. Qeyd edim ki, mövcud Qanunvericiliyin tələblərinə əsasən, yaşayış məntəqələrindən kənarda yalnız iki halda səs siqnallarından istifadə etmək yolveriləndir. Bu ilk növbə də yol nəqliyyat hadisəsinin qarşısını almaq və ya ötmə əməliyyatını həyata keçirən zaman olması düzgün sayılır. Amma bəzi sürücülər yaşayış zonalarında lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. Bu qayda pozuntusudur və öz növbəsində inzibati məsuliyyət yaradır.
Belə hal aşkarlandığı tədbirdə, həmin sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən 30 manat məbləğində cərimə nəzərdə tutulur. Odur ki, bütün bunları nəzərə alaraq sürücülərdən xahişimiz, eyni zamanda tələbimiz ondan ibarətdir ki, bu kimi qaydalara riayət etsinlər. Eləcə ətrafda yaşayan sakinlərin və ya digər yol hərəkəti iştirakçılarının haqlı narazılığına səbəb olmasınlar”.
Sürücü İsmayıl Babayev: “Mən səs siqnallarından piyada keçən zaman fikirli olduğu halda istifadə edirəm.
O zaman siqnal verirəm ki, dönüb avtomobilin keçdiyinə baxsın. Durmaz yerə səs siqnallarından istifadə edən sürücülərə mədəniyyətsiz insanlar kimi baxıram. Mən isə bəzən istifadə edirəm. Əsasən də təhlükə yarandığı zaman daha məqbul sayılır.
Şəhər sakini Nübar Təhməzova: “Sürücülərin səs siqnallarından istifadə etməsi əsasən bina evində yaşayan insanlar üçün narahatçılıq yaradır. Həmçinin bina evində xəstə olan var, körpə uşağı olan var, təbii ki, səs siqnalları onlar üçün çox narahatlıq yaradır. Eyni zamanda mən burada işləyirəm.
Sakinlərin düşüb şikayət etdiklərinin şahidi oluram. Bununla yanaşı yolu keçən zaman birdən-birə siqnal verməkləri, insanları qorxudur. Həmçinin bu vəziyyət təhlükəli şərait yaradır”.
Şəhər sakini Sahib Hüseynov: “Səs siqnalları vacib zamanlarda, əsasəndə qəzanın qarşısını almaq üçün istifadə edilməlidir. Yəni hər zaman səs siqnalların istifadə etmək düzgün deyil.
İnsanların narahatlığına çox pis təsir göstərir. Əsasəndə bizim kimi yaşlı insanların əsəblərinə təsir edirlər. Onsuzda səsli-küylü bir şəhərdir. Bununlada insanların əsəbləri gərginləşir”.
Milli Məclisin deputatı Vüqar İskəndərov bildirir ki, bu mənada, bu gün Azərbaycan dövləti və aidiyyəti mərkəzi icra hakimiyyətləri, eləcə də onların tabeliyində olan qurumlar bu istiqamətdə ciddi şəkildə işləyirlər: “Bizi narahat edən digər bir məsələ isə tıxac vaxtı, hətta tıxac olmayan hallarda belə avtomobillərdən kütləvi şəkildə və lüzumsuz yerə səs siqnallarının verilməsidir. Əlbəttə, yol hərəkətində səs siqnalının öz funksiyası var və zəruri hallarda istifadə olunmalıdır. Lakin biz onun ifrat dərəcədə istifadə olunduğunu müşahidə edirik. Daha inkişaf etmiş ölkələrdə bu, yalnız son dərəcə zəruri hallarda tətbiq olunur.
Bakıda isə, təəssüf ki, bu məsələ hələ də öz aktuallığını qoruyur. Şəhərdə insanların və avtomobillərin çoxluğu təbii olsa da, səs siqnallarının səbəbsiz və ardıcıl istifadəsi narahatlıq doğurur. Qeyd etmək lazımdır ki, ölkəmizə gələn turistlər Bakının gözəlliyini vurğulasa da, çox vaxt səs siqnallarının ifrat istifadəsini narazılıqla qeyd edirlər. Bu da bizim şəhərimizə dair formalaşan ümumi təəssürata mənfi təsir göstərə bilər”.
Bununla yanaşı nəqliyyat eksperti Elməddin Muradlıda məsələ ilə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, lüzumsuz yerlərdə səs siqnallarından istifadə etmək qadağandır və 30 manat cəriməsi var: “Bu ‘Yol Hərəkəti haqqında’ qanunda da izah olunub. Eyni zamanda ‘İnzibati Xətalar Məcəlləsində’ öz əksini tapır. Qaydalar belədir ki, sürücüyə yaşayış məntəqələrində yalnız yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün, yaxud da digər sürücünü və ya digər hərəkət iştirakçısını piyadanı, məlumatlandırmaq məqsədilə xəbərdarlıq edilə bilər. Amma məktəblərin qarşısında, xəstəxanaların qarşısında, işıqforda və s. necə gəldi siqnaldan istifadə edirlər.
Siqnal həyatımızın bir parçasına çevrilib. Bu bir mədəniyyət məsələsidir. Bəzi soydaşlarımız xarici ölkələrə gedəndə çəkiliş aparırlar və paylaşırlar ki, görürsüz şəhər necə sakitdi, heç kim siqnal vermir. Adam yaxşı mənada paxıllıq edirki, bu şəhər mədəniyyəti bizdən uzaq düşüb. Məsələn işıqforda bəzən səs siqnallarından istifadə edirlər və mən bəzi hallarda o insanları qınamıram. Çünki, qarşıdakı nəqliyyat vasitəsinin sürücüsü başı telefona qarışıb. Əslində işıqforda telefona baxmaq qanunla qadağan deyil, nəqliyyat vasitəsi dayanmış formada telefondan istifadə etmək olar. Amma audəçilik də olmaz.
Yaşayış məntəqələrindən kənarda artıq, yalnız ötmə zamanı qarşıdakı nəqliyyat vasitəsinin sürücüsünü işıq və yaxud da, səs siqnalları vasitəsilə xəbərdar edib ötmə əməliyyatına başlamaq olar. Bu adətən çox zolaqlı yollarda heç bir problem yaratmır. Çünki 3 -4 zolaqlı yollardı. Amma 1-2 zolaqlı yollarda bu vacibdir ki, bu siqnallardan istifadə edəsən”.