Ağdam, Cəbrayıl rayonlarında 6-7 apreldə mina partlayışlarının baş verməsindən sonra Avropadakı Azərbaycan diasporu ermənilərin mina terroruna etiraz edib. SİA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Avropadakı Azərbaycan diasporu BMT-nin Mina Əleyhinə Xidmətinə (UNMAS) və İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR), Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinə (EEAS) və ABŞ-dəki nümayəndəliyinə (EEAS Delegation to USA), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (ODIHR), Beynəlxalq Mina Əleyhinə Kampaniyaya (ICBL), “Human Rights Watch”un Avropa üzrə təmsilçisinə, “Amnesty International”ın Almaniya bölməsinə, “BBC News” (Böyük Britaniya), “Deutsche Welle” (Almaniya), “France 24” (Fransa), “Al Jazeera English” (Qətər), “The Guardian” (Böyük Britaniya) kimi media subyektlərinə etiraz məktubları ünvanlayıb.
Etiraz məktublarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin hələ də aradan qalxmadığı və günahsız insanların həyatının hər an təhdid altında olduğu xüsusilə vurğulanıb. Ermənistan tərəfindən basdırılan və bu gün də faciəyə səbəb olan minaların xəritələrinin verilməməsi pislənib.
Bununla yanaşı, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinin başa çatmasından bəri mina partlayışları nəticəsində 393 nəfərin həlak olduğu və ya xəsarət aldığı bildirilib. Ermənistanın minalarla çirkləndirdiyi ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə nəzərə alınmasının və Ermənistanın beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsinin aidiyyəti beynəlxalq qurumlar qarşısında mühüm bir öhdəlik olaraq qaldığı xatırladılıb.
Diaspor nümayəndələri beynəlxalq ictimaiyyəti Ermənistanın davam edən hərbi təxribatlarına və mina terroruna göz yummamağa, bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə qətiyyətli addımlar atmağa çağırıb.
Mina terroruna etirazlarda “Praqa Azərbaycan Mədəniyyət Evi”, “Macarıstan Azərbaycan Evi”, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”, “Bremen Azərbaycan Mədəniyyət Evi, “Avropa Azərbaycan Mərkəzi”, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi, “Azərbaycan Türk Mədəniyyəti Assosiasiyası”, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Niderland – Belçika Azərbaycanlıları Koordinasiya Şurası, Fransa Azərbaycanlılarının Koordinasiya Şurası, “MADANİ-Azərbaycanlıların Mədəniyyət, İdman, Düşüncə, Həmrəylik və Gələcək İmkanlar Məkanı” platforması, İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyası, “Xarı-Bülbül” Dünya Azərbaycanlıları Mədəni Dərnəyi, “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti xüsusi aktiv fəaliyyət nümayiş etdirib.