Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmasının 40-cı ildönümüdür. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur.
Zərifə Əziz qızı Əliyevanın elm tarixində yeri, bu sahədə göstərdiyi fəaliyyət çox işıqlıdır. Həyatını insanların gözünə işıq verməyə həsr edən, işığa, xeyirə, dostluğa və sülhə xidmət edən akademik Zərifə Əliyeva xalqımız üçün çox dəyərlidir. Gözlərə və könüllərə işıq paylayan bir şəxsiyyətin xatirəsi hər kəs üçün əzizdir.Zərifə Əziz qızı Əliyeva Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində görkəmli alim, nüfuzlu dövlət xadimi Əziz Əliyevin ailəsində doğulub. Azərbaycan SSR-in əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki olub.
Zərifə Əliyeva həkimlik peşəsini çox uca tuturdu. Həkimi Günəşə bənzədərək deyirdi: “Həkim insanlara Günəş qədər lazımdır”.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqa” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin, “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.
Praktik əməli həkim fəaliyyəti ilə yanaşı, Zərifə xanım elmi axtarışlarını davam etdirirdi. Onun ilk tədqiqatlarının mövzusu həyatdan götürülmüşdür. Özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə, traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir.
Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım da məhz belə ana idi. Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında deyib: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.
Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, Ümummilli Liderimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi. Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.
1985-ci il aprel ayının 15-də elmi fəaliyyətinin zirvədə olduğu bir dönəmdə Zərifə xanım Əliyeva dünyadan köçüb. Ulu Öndər Heydər Əliyevin sevimli, vəfalı həyat yoldaşı olan Zərifə xanım Əliyevanın itkisi bütün Azərbaycan xalqını yandırdı. Əlbəttə, belə bir şəxsiyyətin itkisi ən çox xalqa, xalqın elminə, maarifinə təsir edir.
Bakıda Göz Xəstəlikləri İnstitutu, Naxçıvan Şəhər Poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınıb. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır. Azərbaycanda adına lisey və məktəb fəaliyyət göstərir.
Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Hazırda akademik Zərifə Əliyeva nəinki öz həmkarları, ümumiyyətlə Azərbaycan ictimaiyyəti tərəfindən görkəmli oftalmoloq, nəcib Azərbaycan xanımı olaraq hörmətlə xatırlanır. Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası olan Zərifə xanım Əliyevanın xatirəsi dövlət və xalq tərəfindən əziz tutulur.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri