Qismətimizi dəyişə bilərik?


““Qismət” anlayışı cəmiyyətdə çox geniş yayılıb. Bəzən insanlar həyatlarında baş verən hər şeyi qismətə bağlayır, sanki öz seçimlərinin, qərarlarının heç bir rolu yoxmuş kimi davranırlar. Bəs əslində qismət nədir? Qismət dəyişə bilərmi?”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Psixoloji baxımdan qismət – insanın həyatında baş verən hadisələrin öz iradəsindən asılı olmadan formalaşdığına inanmasıdır. Bu, bəzi hallarda insanlara təsəlli versə də, əgər insan hər şeyi yalnız “qismət belə imiş” deyərək qəbul edirsə, bu onun passivləşməsinə, məsuliyyətdən qaçmasına və dəyişmək üçün addım atmamasına səbəb ola bilər.

Qismət və iradə

İslam dinində də “qədər” və “iradə” məsələsi çox incə şəkildə izah olunur. Qurani-Kərimdə insanın öz əməli ilə taleyini dəyişə biləcəyinə dair ayələr var: “Həqiqətən, bir qövm öz hallarını dəyişmədikcə, Allah da onların hallarını dəyişməz.” (Rad surəsi, 11-ci ayə)

Bu ayə bizə göstərir ki, insanın öz seçimləri, çalışması, davranışları onun gələcəyinə birbaşa təsir edir. Yəni biz öz səylərimizlə həyatımızı dəyişə, “qismətimizi” formalaşdıra bilərik.

Psixoloji baxımdan necə dəyişə bilərik?

Əgər insan daim “Mənim bəxtim belə gətirdi”, “Onsuz da alınmayacaq” kimi düşünürsə, bu onun özünü inkişaf etdirməsinə əngəl törədir. Psixologiyada buna öyrənilmiş acizlik deyilir. İnsan təkrar uğursuzluq yaşadıqda, bir müddət sonra çalışmaqdan da imtina edir. Halbuki, dəyişiklik üçün ilk addım inancdır: “Mən bacararam!”

Qismət və seçimlərimiz

Hər bir insanın qarşısına fürsətlər çıxır. O fürsətlərdən istifadə etmək və ya etməmək bizim seçimimizdir. Əgər hər şeyi taleyin üstünə atsaq, o zaman öz məsuliyyətimizi inkar etmiş olarıq. Halbuki, psixoloji sağlamlıq insanın öz həyatının sükanını əlinə alması ilə başlayır.

Qismət, bəlkə də, qarşımıza çıxan yollar ola bilər. Amma o yolda necə addımlayacağımız — bizim seçimimizdir. Unutmayaq: seçimlərimiz taleyimizi formalaşdırır. Əgər dəyişmək istəyiriksə, özümüzdən başlamalıyıq. Qismət gözlənilmir – qismət qurulur”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər