Zərifə Əliyeva – elmə, insanlığa və ailə dəyərlərinə sədaqət nümunəsi


Azərbaycanın görkəmli dövlət xadimi, Ümummilli Lideri Heydər Əliyevin həyatında xüsusi yer tutan şəxsiyyətlərdən biri də onun ömür-gün yoldaşı, tanınmış alim, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyeva olmuşdur. Zərifə xanım öz biliyi, zəhməti, yüksək insani keyfiyyətləri və fədakar əməyi ilə təkcə yaxın ətrafının deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin dərin hörmətini və sevgisini qazanmışdır.

Zərifə Əliyeva 1923-cü ildə görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmış, yüksək təhsil alaraq oftalmologiya sahəsində ixtisaslaşmışdır. Onun elmi fəaliyyəti, xüsusilə peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası sahəsində apardığı tədqiqatlar, bu sahənin inkişafına ciddi töhfələr vermişdir. Alim kimi o, yalnız nəzəri biliklərlə kifayətlənməmiş, əldə etdiyi elmi nəticələri praktikaya tətbiq etməyə xüsusi önəm vermişdir. Onun bir çox əsərləri bu gün də oftalmologiya sahəsində çalışan mütəxəssislər üçün əvəzsiz vəsait olaraq qalır.

Zərifə xanımın şəxsi keyfiyyətləri, insanlara olan münasibəti, işinə olan məsuliyyəti və vicdanlı yanaşması onu həmkarları və pasiyentləri arasında nüfuzlu bir şəxsiyyətə çevirmişdi. O, daim tibb elminin inkişafı üçün çalışmış, eyni zamanda gənc kadrların hazırlanmasında mühüm rol oynamışdır. Onun rəhbərliyi altında onlarla gənc alim yetişmiş, bu gün həmin kadrlar ölkəmizin səhiyyə sistemində uğurla fəaliyyət göstərirlər.

Ulu Öndər Heydər Əliyev Zərifə xanımı təkcə ömür-gün yoldaşı kimi deyil, həm də elmə, cəmiyyətə və ailəyə bağlı bir insan kimi yüksək qiymətləndirirdi. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Zərifə xanımın ona mənəvi dayaq olması, çətin və məsuliyyətli dövrlərdə onu dəstəkləməsi həyatında mühüm rol oynamışdır. Onun müdrikliyi, təmkinliyi və zərifliyi ailə mühitində sabitlik, mehribanlıq və qarşılıqlı anlayış yaratmışdır.

Zərifə Əliyevanın vəfatı yalnız ailəsi üçün deyil, Azərbaycan elmi və səhiyyəsi üçün də böyük itkidir. Lakin onun zəngin irsi, elmə və insanlığa həsr etdiyi ömür yolu bu gün də yaşayır, gənc nəsillər üçün örnək təşkil edir. Onun xatirəsi Azərbaycan xalqının qəlbində daim əziz tutulur.

Zərifə xanım Əliyeva öz həyat və fəaliyyət nümunəsi ilə bir daha sübut etdi ki, elm, fədakarlıq və insani dəyərlərə sədaqət insanı əbədiyaşar edir.

Ramil Mirzəyev,

YAP Xətai rayon təşkilatının sədri

Əlaqəli Xəbərlər