“Mövsümü olmayan qidaların bir dietoloq kimi tərəfdarı deyiləm”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Məhəmməd Abdullayev deyib.
Onun sözlərinə görə, səbəb odur ki, mövsümündə olmayan qidaların əksəriyyətinə mütləq müdaxilə olmalıdır, onlar xüsusi istixanalarda yetişməlidir: “İstixanalarda yetişməkdən əlavə onların tərkibində istifadə olunan suyun tərkibinə belə müxtəlif qatqılar qarışdırılır ki, onların qidalanma payı artsın. Eyni torpaqdan mütəmadi olaraq hər hansı bir şey əkildiyi zaman orada vitamin və mineraldan söhbət gedə bilməz. Torpağın mineral səviyyəsi getdikcə aşağı düşür. Mineral səviyyəsi aşağı düşdüyü üçün də onlar sintetik minerallardan, vitaminlərdən istifadə edirlər. İstər-istəməz sintetik formada əldə etdikləri gübrələrin tərkibində olan qidalılıq bir şəkildə toksik olaraq bitkilərin də tərkibində olur. Biz də onları yediyimiz zaman toksinləri bədənimizə alırıq.
Nəzərə alsaq ki, indiki dövrdə əksər insanların immun sistemi zəifdir, qaraciyər fəaliyyəti zəifdir, bədənlərində detoksifikasiya kifayət qədər yerində olmadığı üçün həmin qidaların tərkibindəki toksik yükləri də ata bilmirik. Ona görə də, davamlı formada getdikcə insanların bədənlərində toksinlər mütəmadi olaraq yığılır, qalır və bunu da bədənimizdən ata bilmədiyimiz üçün immun sistemimiz bununla kifayət qədər mübarizə apara bilmir. Nəticədə immun sistemi ümumilikdə zəifləyir, xəstəliklərin sayı getdikcə artır. Dolayısı ilə hansı bədənlər daha aktiv və həssasdırsa, autizmli uşaqlar bu tipli toksinlərə daha tez yoluxurlar. Onların bədənlərini təmizləmək daha çətindir. Ona görə də, birmənalı şəkildə mövsümü qidalanmaq diqqətdən qaçmamalıdır. Günəş şüası ilə yetişmiş tərəvəzlərə, tərkibli gübrələrdən az istifadə olunmuş tərəvəzlərə üstünlük vermək lazımdır, nəinki qışda pomidor, çiyələk, üzümə və sair üstünlük vermək. Bunlara üstünlük verilməməlidir”.