ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinə ayrılan büdcəni təxminən yarıya qədər azaltmağı planlaşdırır. SİA-nın məlumatına görə, bu barədə “The Washington Post” qurumun daxili sənədinə istinadla məlumat yayıb. Bildirilib ki, bu, əsasən BMT və NATO üzrə vəsaitlərə də təsir edəcək.
Qəzet qeyd edir ki, keçən həftə açıqlanan daxili sənəddə Tramp administrasiyası Dövlət Departamenti və USAID-in fəaliyyətinə 28,4 milyard dollar ayırmağı təklif edir ki, bu da Konqresin 2025-ci il üçün təsdiq etdiyi büdcədən 27 milyard dollar və ya 48 faiz azdır. Bununla yanaşı, beynəlxalq təşkilatlara ayrılan vəsaitin həcmi təxminən 90 faiz azalacaq. Bildirilir ki, sülhməramlı əməliyyatların, BMT, NATO və digər 20 beynəlxalq qurumun maliyyələşdirilməsi dayandırılacaq və yalnız bir neçə təşkilat, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Beynəlxalq Mülki Aviasiya Təşkilatı üçün saxlanılacaq. Həmçinin İsrail və Misir kimi müttəfiqlərin silahlı qüvvələrinin inkişafı üçün xərclənən 5,1 milyard dollar həcmində ənənəvi qrantlar saxlanılacaq.
Nəşr, həmçinin qeyd edir ki, təklifin Konqres tərəfindən təsdiq edilib-edilməyəcəyi hələ qeyri-müəyyəndir.