Azərbaycana rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 16-da Milli Məclisdə olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Gürcüstan Prezidenti əvvəlcə parlamentin plenar iclas zalında olub. Sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Parlamentin sədri Sahibə Qafarova Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycana etməsini xalqlarımız arasında dostluğun, qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib. Bildirib ki, bu, eyni zamanda, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının göstəricisidir. O, bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
İki ölkə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bu sahədə qarşılıqlı dostluq qruplarının rolunu xüsusi qeyd edib, parlament komitələrinin əməkdaşlığının vacibliyindən danışıb, deputatlarımızın beynəlxalq parlament təşkilatlarında da sıx əməkdaşlıq etdiklərini vurğulayıb. O, bəzi beynəlxalq qurumların ölkələrimizə qarşı qərəzli münasibəti fonunda parlamentlərimizin beynəlxalq səviyyədə əməkdaşlığının xüsusilə aktual olduğunu qeyd edib.
Səmimi görüş üçün təşəkkürünü bildirən Mixeil Kavelaşvili Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayıb. O, Prezident İlham Əliyevlə bu gün keçirdiyi görüşlər barədə təəssüratlarını bölüşüb. Bildirib ki, bu görüşlər qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi baxımından faydalı idi. Prezident Mixeil Kavelaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin və strateji tərəfdaşlığının digər ölkələrə nümunə olduğunu diqqətə çatdırıb.
İki ölkənin parlamentlərarası əlaqələrinin də yüksək səviyyədə olduğunu deyən Gürcüstan Prezidenti bu baxımdan qarşılıqlı səfərlərin rolunu qeyd edib.
Görüşdə iki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsinin gələcəyimiz üçün böyük önəm daşıdığı diqqətə çatdırılıb.
Prezident Mixeil Kavelaşvili Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanın əldə olunmasını alqışladıqlarını və tezliklə sülh müqaviləsinin imzalanacağına inandıqlarını diqqətə çatdırıb. O bildirib ki, sülh müqaviləsinin imzalanması regionda sabitliyi təmin edəcək.
Cənubi Qafqaz regionunun böyük potensialının olduğunu vurğulayan Gürcüstan dövlətinin başçısı bu potensialdan səmərəli istifadə edilməsinin vacibliyini söyləyib.
Görüşdə digər mövzular barədə də fikir mübadiləsi aparılıb.