“Maskalar kənara tullanılıb, hücum silahları göndərilir”


Xankəndinin millət vəkili Tural Gəncəliyevin SİA-ya müsahibəsini təqdim edirik:

– Aprelin 11-də Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimi oldu. Ümumiyyətlə, forum nə ilə yadda qaldı?

– Antalya Diplomatiya Forumu gözümüzün önündə dünyanın ən aparıcı diplomatik forumlarından birinə çevrildi. Artıq dördüncü dəfədir ki, keçirilir. İldən-ilə bu forumun nüfuzu, çəkisi daha da artır. İlk üç forumda şəxsən iştirak edən biri kimi deyə bilərəm ki, həqiqətən də, çox möhtəşəm tədbirdir. Dövlət başçımız ilk dəfə olaraq həmin foruma qatıldı. Maraqlıdır ki, cənab Prezident məhz Antalya Diplomatiya Forumuna ADA Universitetindəki çıxışından sonra getdi. Bir növ rəmzi məna daşıyır. Xankəndində ADA Universitetinin forumu başladı, sonra Bakıda cənab Prezidentin iştirakı ilə davam etdi. Sonra cənab Prezident Antalyaya yollandı. Bu forum həm də onu göstərir ki, dünyanın geosiyasi güc məkanı avroatlantik məkandan yavaş-yavaş Avrasiya məkanına, xüsusilə də, bizim regiona, Qara dəniz, Xəzər dənizi, Aralıq dənizi regionuna keçir. Bu da yeni reallıqların artıq meydana çıxmasına səbəb olur. Çünki Antalya Diplomatiya Forumuna gələn qonaqların siyahısına baxsaq, o deməkdir ki, dünyanın siyasi nəbzi orada atır. Dünyada müxtəlif forumlar var. Artıq Antalya Diplomatiya Forumu mühüm dünya tədbirlərinin sırasına daxil olur. Bəlkə də, gələn illərdə birinci olacaq.

– Bu forum sizin üçün daha çox nə ilə yadda qaldı? Verilən mesajlar nədən ibarət idi və yaxın zaman ərzində bu məsələlər öz həllini tapa bilər?

– Bu forum mənim yaddaşımda xüsusilə də, ADA Universitetində keçirilən mövzunun davamı kimi qaldı. Dünyada yeni nizam qurulur. Artıq ikinci dünya müharibəsindən sonra mövcud olan nə beynəlxalq təhlükəsizlik sistemi, nə beynəlxalq təşkilatlar özünü doğrultmur. Cənab Prezidentin də, Türkiyə Cumhurbaşkanının da dediyi kimi yeni sistemə, yeni dünya düzəninə ehtiyac var. Mənim yadımda bu forum onunla qaldı ki, Türk dünyası, Azərbaycan, Türkiyə çoxqütblü formalaşan yeni dünya nizamında öz yerini tutur. Biz buna hazır vəziyyətə gedirik. Cənab Prezidentin orada keçirdiyi görüşlərin kontekstinə baxsaq, görərik ki, həqiqətən də, Türk dünyası, Azərbaycan, Türkiyə bu regionda əsas açar oyunçular kimi çıxış edəcək.

– Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşmanın əldə edilməsi açıqlandıqdan sonra şərti sərhəddə erməni təxribatı dayanmır. Sizcə, nə baş verir?

– Qarşı tərəf, təəssüflər olsun ki, müstəqil siyasət yürüdə bilmədiyi üçün öz taleyi əlində deyil. Burada qarşı tərəfin havadarları nə istəyir önəmlidir. Fransa, Avropa İttifaqındakı ölkələrin nə istədiyini misal göstərə bilərik. Onlar Cənubi Qafqazda sülhün olmasını istəmir. Çünki Cənubi Qafqazda 30 il davam etmiş münaqişə, işğal müxtəlif üçüncü qüvvələrə imkan verirdi ki, bulanıq suda balıq tutmaq üçün davam etsinlər. Ancaq biz bunların məkrli, çirkin əllərini, Cənubi Qafqaza uzanan əllərini kəsib atdıq. Ona görə də, indi onlar fürsət axtarırlar ki, Ermənistana silah versinlər. Ermənistanın sülh müqaviləsindəki bəndlərlə, Zəngəzur dəhlizi ilə bağlı öhdəlikləri var. Fransa, Ermənistan, Avropa İttifaqındakı ölkələr bunu istəmir. Nəzərə alsaq ki, Ermənistanın mövqeyi indi bir az daha zəifdir. Çünki əvvəl iki sütuna söykənirdi. Həm Avropa İttifaqına, həm də Bayden Adminstrasiyasına güvənirdi. İndi Bayden Adminstrasiyası yoxdur. Ona görə də, onların yeganə ümid yeri olan Fransa yenə də Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Ancaq onların bütün arzuları ürəklərində qalacaq.

– Mütəmadi olaraq Ermənistana yönəlik silahlar, texnikalar gedir. Demək olar ki, Ermənistan növbəti müharibəyə hazırlaşır?

– Bəli, maskalar kənara tullanılıb, hücum silahları göndərilir. İttifaq qurulur. Fransa, Ermənistan, Yunanıstan, Hindistan piyada kimi istifadə olunur. Bilirsiniz ki, hətta Fransa bu məkrli siyasətini Cənubi Qafqazda həyata keçirə bilməyib. Avropa İttifaqı ölkələri ilə Mərkəzi Asiya ölkələri arasında sammiti də müzakirə edə bilərik. Onlar hər yerə öz məkrli siyasətlərinin bir ünsürünü atırlar. Türk dünyasının, Avrasiya regionunun stabil olmasına imkan vermirlər. 20-ci əsrin əvvəllərində məşhur geosiyasət nəzəriyyəsinin banilərindən birinin nəzəriyyəsinə görə, kim Şərqi Avropaya nəzarət edirsə, böyük Hartland deyilən əraziyə nəzarət edir, kim Hartlanda nəzarət edirsə, bütün Avrasiya regionuna nəzarət edir. Bu təfəkkürlə hesab edirlər ki, Avrasiya regionunda meydana çıxan güclü Azərbaycan, Türkiyə, türk dünyasının qarşısını almaqdan ötrü həm Mərkəzi Asiyaya, həm Cənubi Qafqaza təxribatları görəcəyik. Biz buna hazırıq. Söhbət təkcə hərbidən getmir, diplomatik savaş, siyasi savaş var. Fransanın yeni müstəmləkəçilik siyasətini ifşa edirik. Mən Fransa Parlamentinin iclaslarını izləyirəm. Elə bir iclas yoxdur ki, onlar Azərbaycana qarşı danışmasınlar. Biz Avropa Şurası Parlament Assambleyasının üzvlüyündən çıxmışıq, oranı tərk etmişik. AŞPA-da olanda da görürdüm ki, işləri, gücləri Azərbaycana qarşı sənəd qəbul etmək idi. İndi isə biz də yoxuq. Nəyi hədəf alacaqlarını heç özləri də bilmirlər. Biz AŞPA-da olanda heç olmasa deyirdilər ki, bütün resurslarını Azərbaycana qarşı istifadə etsinlər. İndi isə Fransa bizi AŞPA-da tənqid etmək hədəfindən məhrum olub. Ona görə də, parlamenti vasitəsilə davam edir.

– Ermənistan baş nazirinin həftə sonu Məhriyə səfəri planlaşdırılır. Qeyd olunur ki, bu səfər Zəngəzur dəhlizinin açılmasına yönəlib. Nikol Paşinyanın Mehriyə səfərinin əsas sirri nədən ibarətdir?

– Zəngəzur dəhlizi, onsuz da, açılmalıdır. Bu, Ermənistanın istəyindən asılı deyil, onun öhdəliyidir. 2020-ci ilin üçtərəfli bəyanatı var. Biz Naxçıvana koridor vasitəsilə birləşməliyik. Bunun başqa yolu yoxdur. Bütün dünya Zəngəzur terminini qəbul edir. Hətta Fransa, ABŞ, hamı bu termini qəbul edir. Ancaq fakt deyil ki, Ermənistan baş nazirinin Mehriyə gəlməsi ilə Zəngəzur dəhlizinin açılmasına ehyam edir. Təxribat da ola bilər. Avropa İttifaqının bir missiyası orada yersiz şəkildə var-gəl edir. Son günlər həm Naxçıvan istiqamətindən, həm Qazax, Tovuz istiqamətindən atəşkəs pozulur. Azərbaycan-Ermənistan quru sərhədi 1000 kilometrə yaxındır. Ona görə də, Paşinyanın oraya gəlməsini təxribat kimi də qiymətləndirmək olar. Ancaq yenə də tunelin sonunda işıq var. İnşallah Zəngəzur dəhlizi açılacaq. Çünki bu, Böyük Orta Dəhliz deyilən layihənin tərkib hissəsidir. Çindən Avropaya uzanan minlərlə kilometr koridor 40 kilometrlik Zəngəzur dəhlizinin açılmamasına görə funksional deyil. Bir neçə destruktiv qüvvəni çıxsaq, Çin də istəyir ki, dəhliz açılsın. Avropa İttifaqının da buna marağı olmalıdır. Çünki Şimal koridoru Rusiya üzərindən işləmir. Yaxın Şərqdə, dənizlərdən situasiya çətindir. Ona görə də, bu dəhlizin açılması dünyanın qlobal iqtisadiyyatı üçün də lazımdır.

– Azərbaycanın Ermənistanın qarşısında qoyduğu şərtlərdən biri də ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə əlaqədardır. Minsk qrupu nə vaxt dağılacaq?

– Onsuz da, bu qurup defakto fəaliyyət göstərmir. Amma kağız üzərində qalıb. Minsk qrupu o zaman tamamilə dağılan bilər ki, Ermənistan da razılıq versin. Azərbaycan “hə” deyir. Yeri gəlmişkən Antalya Diplomatiya Forumunda Arayat Mirsonyanın da bəyanatı var. Özlərini belə tədbirlərdə sülh göyərçini kimi göstərirlər. Hətta Minsk qrupunun ləğv edilməsi haqqında Ermənistanın bəzi rəsmiləri də razılıq verirlər. Ancaq bunu alver obyektinə çevirmək istəyirlər. Deyirlər ki, Ermənistan konstitusiyası toxunulmazdır, orada bizə qarşı ərazi iddiası qalır. Guya, Minsk qrupunun ləğv edilməsinə razıdırlar. Ancaq belə olmaz, belə olmayacaq da. Çünki Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin layihəsində bu məsələlər açıq şəkildə olmuşdu. Zəngəzur dəhlizinin açılması, Minsk qrupunun ləğvi, Ermənistan konstitusiyasının dəyişdirilməsi qeyd edilmişdi. İndi Ermənistan bəzən bu bəyanatları səsləndirir ki, Azərbaycan yeni iddialar irəli sürür, yeni tələbləri var. Xeyr, 2020-ci ildən, hətta nəzəri şəkildə də 30 il ərzində bu məsələlər gündəmdə olub.

Əlaqəli Xəbərlər