ABŞ hökuməti amerikalıların Çinin süni intellekt şirkəti “DeepSeek”in chatbotuna girişini əngəlləyə bilər. SİA xəbər verir ki, bu barədə “New York Times” qəzeti mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Donald Tramp administrasiyası amerikalıların “DeepSeek” xidmətlərinə girişinə qadağa qoyulması, eləcə də Çin şirkətinin ABŞ texnologiyaları, xüsusən də süni intellekt texnologiyaları üçün çiplər almasını əngəlləmək imkanlarını nəzərdən keçirir. Vaşinqton, həmçinin Çin şirkətinin Amerika çiplərinin alınması ilə bağlı mövcud məhdudiyyətlərdən yan keçib-keçmədiyini müəyyən edəcək.
Qəzet qeyd edir ki, “DeepSeek”ə qarşı tədbirlər Ağ evin süni intellekt sahəsində Çindən geri qalmaq qorxusundan irəli gəlir. Bu da öz növbəsində milli təhlükəsizlik və geosiyasət sahəsində ciddi mənfi nəticələrə gətirib çıxara bilər.