Müharibənin odundan çıxanların həyat hekayəsi
“Sağlığında öyünürdüm, şəhid olandan sonra isə onunla qürur duydum”.
Cazibə qüvvəsi ölçüyə gəlməyən, fəlsəfə nöqteyi-nəzərdən təhlilinə xeyli zaman ayıra biləcəyimiz, insanın cismani və ruhani varlığını ifadə edən bu cümləni onun düşünərək və ya anidən dilinə gətirməsi mənim üçün gözlənilən idi. Çünki illərdir ki, həmsöhbət olduğum və dərdin dərin qatına enənlərin belə fikir-möcüzələrinin sehrindən çıxa bilmirəm. Bundan sonra da çətin çıxam…
Onların ailəsi evin böyük övladı hərbçi peşəsini seçəndən sonra “kəndlərimiz atəşə tutuldu”, “sərhəddə insident yarandı” kimi müharibə xəbərlərinə sanki öyrəncəli olmuşdu. Övladı hərbçi və ya hərbi xidmətdə olan ailələrin ən böyük ağrısı şəhid xəbərləri idi.
İtkinin yerinin dolmadığını onlar da yaxşı bilirdilər
İllərdir davam edən və dizləri yeyilən şalvara vurulan yamaq kimi bir sapdan asılı qalan Qarabağ müharibəsinin başlanğıcı bəlli olsa da, bitməyini proqnozlaşdırmağın çətinliyi heç kimə əlini-qolunu çırmayıb arzularını həyata keçirməyə imkan vermirdi. Birdən “nəsə olar” tiyəsi kor bıçaq kimi asılırdı hamının ürəyinin başından və başlayırdı xırda-xırda oymağa…
Qardaşının hərbçi olması, tankçı peşəsini seçməsi, əslində, onun ürəyincə idi. Ona elə gəlirdi ki, o, qardaşının yanında olmayanda ona arxa, dayaq, hətta qardaş olan tankı var. İllər sonra o tankın qardaşını niyə qoruya bilmədiyini özünə dərd edəcəkdi və cavabsız suallara özü döyüşlərə qatılandan sonra cavab tapacaqdı: Müharibə çox amansızdır, anaların göz yaşına da acımır…
Sükutu belə qənimimizə çevrilən ötən əsrdən fərqli olaraq, varlıqla yoxluq, “öyünmək”lə “qürur duymaq” arasındakı uzun, incə bir yolun bu gün öz başlanğıcını 44 günlük Vətən müharibəsindən götürməsi yaşadığımız əsri gözümüzdə müqəddəsləşdirdi, necə deyərlər, əlçatmaz etdi. Azadlığın, xilaskarlığın, bir sözlə, Qarabağın simvoluna çevrildi…
Düşmən tərəfdə qalan Qarabağı azad etmək üçün tank komandiri qardaşının sorağının aprel döyüşlərindən sonra Lələtəpədən gəldiyini eşidəndə valideynləri kimi həyəcanlanmışdı, ancaq həm də qürur duymuşdu. Müqəddəs bildiyimiz torpaqlara ilk dəfə ayaq basanların hansı hissləri yaşadığını qardaşının sevincdən alışıb-yanan gözlərində, bir də göz yaşlarında görmüşdü. İşğal altındakı torpaqların azadlığına qovuşmasını belə qardaşı Əlimərdansız təsəvvür etməzdi. Həmişə arzulayırdı ki, bütün döyüşlərdə qardaşının yanında olsun, düşməndən birlikdə qisas alsınlar. O günə isə hələ çox vardı…
Polis serjantı Həmid Quliyev 1999-cu ildə Bakıda doğulub. Sumqayıtdakı Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ilin yanvarında həqiqi hərbi xidmətdən tərxis olunub. Ayaqlarından əsgər çəkmələrinin döyənəyinin yeri unudulmamış müharibə başladı xəbərini alan kimi Müzəffər Ali Baş Komandanın çağırışına qoşulanların ilk sırasında özünə yer tutur. Əvvəlcə Füzuli istiqamətində düşmənin həmləsini dəf edirlər. Sonra topraqlarımızın azadlığı üçün Cəbrayılda, Qubadlıda döyüşür.
1941-1945-ci illər müharibəsində tankları ilə faşist mövqelərini darmadağın edən general-mayor Həzi Aslanov kimi tank komandiri qardaşının da öz “dəmir atı” ilə düşmənə aman vermədiyini bilirdi. Hərdən imkan tapıb valideynləri ilə danışanda onlara ürək-dirək verir, qələbənin çox yaxında olacağını, sağ-salamat evə dönəcəklərini deyirdi.
Bu dəfə də arzular müharibənin reallıqlarına təslim olur
Qardaşı baş leytenant Əlimərdan Quluzadə oktyabrın 6-da Füzuli-Cəbrayıl istqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. O, Müzəffər Ali Baş Komandan tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Sabitliyi qorumaq üçün keşikdədir…
Həmid Quliyev Vətən müharibəsi bitdikdən sonra polis olmağı qarşısına məqsəd qoyub. 2021-ci ildə daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazovun keçirdiyi sıra baxışında iştirak edərkən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının şahidi olub. Deyir ki, həmin gün növbəti mərhələyə buraxılanda bir daha əmin olub ki, sinəsi möhtərəm Prezidentimizin verdiyi medallarla qürurdan qabaran Azərbaycan gəncliyi layiq olduğu yerlərdə mövqe tutur, irəli çəkilir.
Yeri gəlmişkən, həmkarımız da “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Hazırda Sumqayıt Şəhər Polis İdarəsinin Post-Patrul Xidməti Taborunun əməkdaşıdır.
Hafiz Təmirov,
polis polkovniki