“Gürcüstan Prezidentinin Azərbaycana səfəri Gürcüstan-Azərbaycan münasibətlərində yeni səhifəsi kimi qiymətləndirilməlidir. Çünki həm Gürcüstanın yeni seçilmiş Baş naziri, həm də Prezidenti ilk səfərlərini Azərbaycana ediblər. Bu isə Gürcüstanın dost və qonşu ölkə olaraq Azərbaycana verdiyi önəmi açıq şəkildə göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu sözlərinə belə davam edib: “İki ölkə arasındakı münasibətlər spesifik münasibətlərdir. Azərbaycan Prezidenti keçirdiyi mətbuat konfransında bu münasibətləri səciyyələndirərkən bildirdi ki, Gürcüstan-Azərbaycan münasibətləri həm dövlətlərarası, həm də xalqlararası münasibətlərdir. Yəni dövlətarası münasibətlər nə qədər inkişaf edirsə, xalqlar arasında da münasibət bir o qədər dərinləşir. Mənim fikrimcə, çox nadir ölkələr haqqında bunu ifadə etmək olar ki, paralel şəkildə həm dövlətlər, həm də xalqlar arasında münasibətlər dərinləşir. Bu inteqrasiya prosesi həm coğrafi, həm də mentalitetlə bağlıdır.
Gürcüstan və Azərbaycan xalqlarının uzun illərdir qonşuluqda yaşaması iki xalq arasında ortaq dəyərlərin yaranmasına səbəb olub. Ona görə də, Gürcüstan Prezidenti Kavelaşvili də bu məsələyə toxundu və Gürcüstan-Azərbaycan münasibətlərini məhz xalqlarımızın mənafeyi nöqteyi-nəzərindən izah etdi.
Şübhəsiz bu məsələnin bir tərəfidir. Məsələnin digər vacib tərəfi isə yeni reallıqlar Gürcüstan və Azərbaycan arasında yeni əməkdaşlıq imkanları yaranıbdır. Azərbaycan Prezidenti mətbuat konfransında qeyd etdi ki, biz Gürcüstanla birgə Avropanın enerji təhlükəsizliyinə təmin edirik. Yəni, Azərbaycanın enerji daşıyıcıları məhz Gürcüstan üzərindən Avropaya nəql olunur.
Ona görə də düşünürəm ki, bütün bu amillər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəkdir. Hər iki lider, bu münasibətlərin inkişafı üçün Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olunmasının vacibliyini vurğuladılar. Mənə görə, həm Gürcüstan, həm də Azərbaycan bölgədə sülhün və əmin-amanlığın təmin olunmasında olduqca maraqlıdırlar”.
Ayşən Vəli