Türk dünyasının geosiyasi sabitliyi və birliyi bu gün də aktual müzakirə mövzularındandır. Xüsusilə Kipr məsələsi və son zamanlarda bəzi Türk dövlətlərinin Cənubi Kipr ilə diplomatik əlaqələr qurmaq niyyəti bu birliyin gələcəyi ilə bağlı suallar doğurur. SİA xəbər verir ki, tarixçi-alim, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı ilə bu mövzularda ətraflı söhbət etdik.
QHT.az: 1974-cü ildə Türkiyənin Kiprə müdaxiləsinin səbəbləri və nəticələri necə qiymətləndirilə bilər? Bu hadisə beynəlxalq hüquq və Türk dünyası baxımından hansı əhəmiyyətə malikdir?
Günel Aslanlı: 1974-cü il hadisələri Kipr tarixində və bütövlükdə Türk dünyasında dönüş nöqtələrindən biridir. Türkiyənin Kiprə hərbi müdaxiləsinin səbəbləri sırf strateji və humanitar xarakter daşıyırdı. Həmin dövrdə Yunanıstandakı xuntanın təşkil etdiyi dövlət çevrilişi və “Enosis” ideyasının – yəni adanın Yunanıstana birləşdirilməsi planının həyata keçirilməsinə yönəlmiş addımlar, Kipr türkləri üçün birbaşa varlıq təhlükəsi idi. Bu, eyni zamanda bölgədə etnik təmizləməyə yol aça bilərdi.
Türkiyə 1960-cı il Zəmanət Sazişinə əsaslanaraq – yəni beynəlxalq hüquqa uyğun olaraq – Kiprə hərbi müdaxilə etdi. Məqsəd adadakı türkləri qorumq və konstitusiya əsaslarını bərpa etmək idi. Bu müdaxilə nəticəsində adada iki icmalı reallıq formalaşdı və sonradan Şimali Kipr Türk Respublikası yaradıldı. Beynəlxalq hüquq baxımından müdaxilə bəzən tənqid olunur, lakin zəmanətçi dövlət statusu bu addımı qanuni müdafiə çərçivəsində saxlayır. Türk dünyası üçün bu hadisə, türklərin harada yaşamasından asılı olmayaraq təhlükə qarşısında yalnız buraxılmayacağının sübutudur. Bu həm mənəvi, həm də siyasi baxımdan mühüm mesaj idi.
QHT.az: Türk dövlətlərinin son zamanlarda Cənubi Kipr ilə diplomatik əlaqələr qurmaq istəyi Türk Dövlətləri Təşkilatının siyasi birliyinə və tarixi-mədəni ortaq kimliyinə hansı təsirləri göstərə bilər?
Günel Aslanlı: Əlbəttə, bu qərarlar narahatlıq doğurmaya bilməz. Türk Dövlətləri Təşkilatı təkcə iqtisadi əməkdaşlıq platforması deyil – o, ortaq dil, tarix, mədəniyyət və mənəvi bağlılıq üzərində qurulmuş bir siyasi-mədəni birlikdir. Belə bir kontekstdə Cənubi Kiprin tanınması və həmin ölkədə səfirliklərin açılması, dolayısı ilə Türkiyənin Kipr siyasətinə qarşı bir mövqe kimi anlaşılır. Bu qərarlar, birlik ruhuna zidd olan, koordinasiyasız və birtərəfli addımlar kimi qəbul edilə bilər. Təşkilat daxilində qarşılıqlı məsləhətləşmələrin və strateji koordinasiyanın zəifləməsi, ümumi məqsədlər baxımından mənfi təsir yarada bilər. Unutmamalıyıq ki, Türk birliyi sadəcə rəsmi bəyanatlardan ibarət deyil – o, həm də qarşılıqlı loyallıq tələb edir.
QHT.az: Sizcə, bu qərarlar Türk dünyasında “Turan” ideyasının gələcəyi üçün bir təhlükə hesab edilə bilərmi, yoxsa geosiyasi maraqlar fonunda müvəqqəti ziddiyyətlər kimi qiymətləndirilməlidir?
Günel Aslanlı: Mən bu prosesləri daha çox müvəqqəti geosiyasi ziddiyyətlər kimi dəyərləndirirəm. Bəli, bu addımlar “Turan” ideyasına zidd kimi görünsə də, əsas mahiyyətə zərər verməyəcək. Türk dünyası müxtəlif siyasi, iqtisadi və strateji maraqlara sahibdir, bu normaldır. Ancaq əsas odur ki, ortaq strateji məqsədlər unudulmasın. Turan ideyası – yəni Türk xalqlarının mənəvi, mədəni və strateji birliyi – dərin tarixi köklərə dayanır. Bu ideya bir günün, bir ilin işi deyil. Bu gün yaşanan ziddiyyətlər ideyanın tamamilə sıradan çıxması demək deyil. Əksinə, bu kimi böhranlar çox vaxt birlik ehtiyacını daha da ön plana çıxarır.
Azərbaycanın və Türkiyənin prinsipial mövqeyi, bu məsələlərdə aydın və ardıcıl siyasəti digər dövlətlər üçün də nümunə olacaq. İnanıram ki, dialoq yolu ilə bu cür ziddiyyətlər aradan qalxacaq və Türk Dövlətləri Təşkilatının gələcəyi daha güclü olacaq.
QHT.az: Azərbaycan bu prosesdə necə bir mövqe tutur və ümumilikdə Türk dünyasının birliyi istiqamətində hansı rolu oynayır?
Günel Aslanlı: Azərbaycanın rolu burada həm simvolik, həm də praktik baxımdan mühümdür. İlk növbədə, Azərbaycan Prezidentinin “Biz yalnız qardaşlarımızın yanındayıq” fikri, bu məsələdə dövlətimizin prinsipial mövqeyini aydın şəkildə ortaya qoydu. Azərbaycan Türk Dövlətləri Təşkilatında siyasi, mədəni və iqtisadi cəhətdən körpü rolunu oynayır. Qafqaz ilə Orta Asiya arasında strateji bağların qurulmasında Bakı həm coğrafi, həm də ideoloji baxımdan mərkəzə çevrilib. Bu da Azərbaycanı regional inteqrasiyanın lokomotivi halına gətirir.
Eyni zamanda Azərbaycanın son illərdə Türk dünyasının ortaq media, elm, təhsil və gənclər platformalarının yaradılmasında təşəbbüskar çıxış etməsi, birliyin dərinləşməsinə xidmət edir. “Şuşa Bəyannaməsi”ndən tutmuş Türk Universitetlərinin yaradılması təşəbbüslərinə qədər Azərbaycan daim ön sıradadır. Azərbaycan həm də prinsipiallıqla çevikliyi birləşdirə bilən nadir ölkələrdəndir – yəni həm diplomatik təmkin nümayiş etdirir, həm də milli və qardaş maraqlarından geri çəkilmir. Bu balanslı yanaşma digər Türk dövlətləri üçün nümunə ola bilər və olmalıdır da.
Nəticə olaraq, Prezident İlham Əliyevin böyük siyasi liderliyi sayəsində Azərbaycan bu birliyin sadəcə iştirakçısı deyil – daşıyıcısı və qoruyucusudur.
Pərvanə Fərhadqızı
QHT.az