“Bütün qərarları ailə quran cütlüklər versələr, daha gözəl olar”


“Günümüzün ən çox müzakirə edilən mövzularından biri də ailə həyatı qurduqdan sonra cütlüklərin necə yaşamasıdır. Əvvəllər gəlinlər birgə yaşamağı, qayınananın qulluğunda durmağı özlərinə borc bilsələr də, getdikcə bu adət itir və gənclər daha çox ayrı yaşamağa, müstəqil olmağa üstünlük verirlər. Müasir dövrdə çoxları düşünür ki, gənc ailənin sərbəst və xoşbəxt yaşaması üçün mütləq ayrı evi olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli deyib.

Fatimə Hacıbəyli sözlərinə belə davam edib: “Ailə qurandan sonra valideynlərdən ayrı yaşamaq məsələsi sonradan dəbə düşüb. Onun sözlərinə görə, əvvəllər ailələrdə mehribanlıq, səmimiyyət var idi: “Elə zamana gəlib çıxdıq ki, gəlin-qayınana bir evdə yaşayanda hər kəsə təəccüblü gəlir. Gələn də eyni sualı verir, gedən də… “Gəlinlə yola gedirsənmi?”, “Qayınanan səni dolandırırmı?”, ya da “Uşaqlarla ayrısınız, ya bir yerdə?” Belə sualların sayı çoxdur və uzandıqca qeybət kələfinin ucu daha da çıxılmaz olur. Əminəm ki, hər kəsin qohum, ya da qonşusunda bu sualları verən biriləri mütləq var ki, aranı pozmaq, insanların hüzurunu qaçırmaqla rahatlıq tapırlar. Məhz bu qohumlar”ın sayəsində gəlin-qayınana məsələsi öz aktuallığını daima qoruyur. Əvvəl hərənin azı 6-7 oğlu olurdu. Hamısı da bir yerdə şad-xürrəm keçinirdilər. Bu ayrı ev sonradan dəbə düşdü. Gəlinlər də bir-birinin bəhsinə ayrı ev həvəsinə düşdülər. O vaxtlar evdə bərəkət, ailələrdə birlik, mehribanlıq, səmimiyyət var idi. Hamının sözü də bir-birinin boğazından rahat keçirdi. Bir qazan yemək bişirdisə, bununla bir külfət doyurdu. İndi ayrı yaşamaqdan ötəri ailələr dağılır. Ailənin dəyəri artıq ayrıca evlə ölçülür.

Əgər iki insan ailə həyatı qurmağa qərar veribsə, onların işinə kənardan müdaxilə olmamalıdır. İnsan həyatını elə qurmalıdır ki, heç kimdən asılı olmasın: “Bütün qərarları ailə quran cütlüklər versələr, daha gözəl olar. Çünki birlikdə yaşayan onlar olacaq. Əgər qərar veriblərsə ki, ayrı yaşamaq istəyirlər, qoy yaşasınlar. Çünki onlar kiminsə uşağı olmaqdan başqa, artıq bir ailənin təməlini qoyan şəxslərdir. Bizdə çox qəribə ənənələr var. Məsələn, övlad dünyaya gələr-gəlməz valideynlər düşünür ki, böyüyəcək, evləndirəcəyəm və mənimlə yaşayacaq. Sanki özümüzdə elə bir psixologiya formalaşdırırıq ki, gələcəkdə o övladdan asılı olaq. Əslində belə olmamalıdır. İnsan həyatını elə qurmalıdır ki, kimdənsə asılı olmasın”.

Ailə kiçik dövlətdir. Dövlətin güclü, uzunömürlü olması üçün təməli möhkəm qoyulmalıdır”.

Valideynlə yaşamaq məcburiyyət olmamalıdır. Elə gözəl münasibət saxlamağı bacarmalıyıq ki, valideynlə yaşamaqdan zövq alaq. Əgər valideynlə birlikdə xoşbəxt yaşaya biləcəyiksə, nə gözəl. Ağsaqqallı, ağbirçəkli evdə yaşamaq daha gözəldir”.

Ayşən Vəli

Əlaqəli Xəbərlər