“Sovet hakimiyyəti dövründə insanlara torpaq ayrılarkən xüsusi mühəndislər bu torpaqlara baxış keçirirdi və həmin ərazilər onlar rəy verdikdən sonra insanlara paylanırdı. Bu torpaqların təbii fəlakətlər üçün nə dərəcədə dözümlü olub-olmaması yoxlanılırdı, zəlzələ, sürüşmə və yaxud da, sel basması hadisələri xüsusi ilə nəzərə alınırdı. Amma haradasa Sovet höküməti dağıldıqdan və Azərbaycan Respublikası müstəqilliyinə qovuşduqdan 5-10 il sonra bu adət sanki unudulmağa doğru getdi”. Bu sözləri SİA-ya açıqlamasında məzil üzrə ekspert Anar Nəsirov deyib.
Onun sözlərinə görə, insanlara torpaq ayrılarkən bu şeylər nəzərə alınmadı, insanlara harada gəldi, necə gəldi, heç bir mühəndis və ya mütəxəssis rəyi olmadan torpaqlar paylanıldı, torpağın sürüşmə zonası və ya təbii fəlakətlər zamanı nə dərəcədə ziyan çəkib-çəkməyəcəyi nəzərə alınmayaraq insanlara fərdi yaşayış evinin tikintisi üçün torpaqlar paylanıldı: “Bu torpaqlar əsasən dərə kənarında, sel və qrunt sularının daha çox meyil etdiyi ərazilər insanlara təklif olunaraq satıldı. Bu baxımdan yağan yağışlar həmin bu ərazilərə daha çox ziyan vurdu. Sovet hakimiyyəti dövründə və sonrakı onilliklər dövründə torpaq satılarkən ora yol və yaxud da, işıq, qaz, su və kommunikasiyalar çəkildikdən sonra satışa çıxarılırdı. İndi isə bu son 20 ildə bu şeylər nəzərə alınmadı. Kanalizasiya xətti olmayan, qazı, işığı, suyu, yolu olmayan torpaqlar insanlara satıldı. Orada kortəbii olaraq tikintilər aparıldı. Heç bir mühəndis fikrləri nəzərə alınmayaraq burada tikintilər aparıldı. Bu da ki, gətirib öz növbəsində təbii fəlakətlər zamanı sel basmasına, evlərin uçmasına və vətəndaşlara ziyan dəyməsinə səbəb oldu. Belə baxsaq görərik ki, Bakı ətrafında tikilən yeni yaşayış massivlərinin 60 faizində bu gün kanalizasiya suları yoxdur. İnsanlar şambo dediyimiz dustaq üsullardan istifadə edərək adxot sularını yeraltı quyular qazaraq ora təxliyyə edirlər. Bu da torpaqın altında qrunt sularının qalxmasına səbəb olur. Qrunt sularının qalxması, azca da olsa yağış yağmağı o torpağın həmin suyunu almaması dövründə həmin qrunt suları üzə çıxır və torpaq suyu əmə bilmir. Bu da selə və yaxud da gölməçələrə çevrilir. Bu zamanda insanların evlərini su basır, insanlara ziyan vurur, yollar uçur və yaxud da ki, həyətləri su basır. Çünki torpağın altında yetəri qədər qrunt suyu var, 15-20 santimetr torpağın altına su getdikdən sonra həmin sular üzə qalxır. Yəni torpağın həmin suyu götürmə qabiliyyəti yoxdur. Bu da ondan irəli gəlir ki, həmin ərazilərdə biraz əvvəldə qeyd etdiyim kimi kanalizasiya sistemlərinin olmamasıdır. Çünki kanalizasiya sistemləri həm insanların atxot sularını harasa təxliyyə edir və küçə və yollarda yağan yağışların həmin kanalizasiya sistemləri ilə kənara təxliyyəsini həyata keçirir. Bir sözlə, insanlar ev alarkən əsasəndə Bakı ətrafında yeni salınmış yaşayış massivlərindən nisbətən dəniz səviyyəsindən aşağı evlər almasınlar. İkincisi kanalizasiya xətlərinin olmadığı yerlərdən ev almasınlar. Dərə qıraqlarına, nisbətən yamac yerlərdə ev almasınlar”.