“ƏDV-lərin qaytarılması “ƏDV geri al” layihəsidir. Bu layihə 2020-ci ildən həyata keçirilməyə başlayıb. Məqsəd isə nağdsız əməliyyatların stimullaşdırılmasıdır. Yəni dolayısı ilə istehlakçılarda, vətəndaşlarımızda ölkədə gedən iqtisadi proseslərdə şəffaflaşdırılmanın həyata keçirilməsində iştirakçılıqları təmin edilir. Yəni onlar istehlak etdiyi mallara görə, ödədiyi pulun bir qismini geri alması stimullaşdırıcı bir hal kimi, daha çox maraqlı olacaqlar. Bu da ödədiyi pullara görə əvəzində nəzarət kassa aparatından çekləri əldə etsinlər”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev deyib.
Onun sözlərinə görə, bu xüsusi bir qaydalarla tənzimlənir: “Həmçinin bu barədə Cənab Prezidentin fərmanı var. Həmin fərmanda fiziki şəxs olan istehlakçılar tərəfindən ticarət, tibb fəaliyyəti göstərən müəssisələr, hətta Qarabağda işğaldan azad olunmuş ərazilərdə də ayrıca xüsusi bir hal kimi yerləşmə vasitələri hesab olunan mehmanxanalarda göstərilən xidmətlərə görə, ödənilmiş ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar təsdiq edilib. Burada açıq-aydın həmin əlavə dəyər vergisinin qaytarılma qaydaları müəyyən olunub. Həmçinin istehlakçıların qeydiyyata alınması, ƏDV-nin geri qaytarılması prosedurları var. Ümumi olaraq deyə bilərəm ki, nəzarət kassa aparatı çeki aldığı tarixdən, istehlakçı ödəniş edib nəzarət kassa aparatından çeki əldə etdikdən sonra həmin andan 90 gün müddətində xüsusi portala əlavə etməlidir.
Məlumatlar nə vaxt daxil edilsə, həmin gündən 30 gün müddətində vəsaitin geri qaytarılması təmin olunur”.
Həmçinin Mehdi Babayev qeyd edir ki, elə hallar ola bilər ki, hətta ödədikləri vəsaitlərə görə əldə etdiyi çeklərlə əlavə dəyər vergisi geri əldə edə bilməsin: “Bu hansı hallarda baş verə bilər?
Məsələn, alış üçün müraciət etdiyi mağaza sadələşdirilmiş vergi ödəyicisi ola bilər, yəni ƏDV ödəyici ola bilməz. Belə çıxır ki, “ƏDV geri al” kampaniyasından yararlanmaq üçün, ƏDV ödəyici olan mağazadan, ictimai iaşə obyektindən istifadə olunmalıdır. Əgər olmazsa, təbii ki bu yararlana bilməyəcək. Məlumdur ki, ən böyük mağazalarımız hamısı ƏDV ödəyicisidir.
Digər bir hal kimi əldə etdiyi çek Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Nəzarət kassa aparat çekinin üzərində məlumatların siyahısı var. Həmin siyahıya uyğun çek olmalıdır, yəni başqa bir texniki avadanlıqdan çıxarılan çeklə “ƏDV geri al” kompaniyasından istifadə edə bilməyəcək.
Daha sonra daha bir negativ hal olur. Vətəndaş bəzən istehlak etdiyi malın, xidmətin əvəzini “kartdan karta” edərək satıcının fərdi kart hesabına ödəyir. Bu halda o “ƏDV geri al” kompaniyasından istifadə edə bilməyəcək”.
Həmçinin onun sözlərinə görə, digər tərəfdən elə mallarımız var ki, həmin mallar öz təyinatına görə əlavə dəyər vergisindən azaddır yaxud da çox kiçik bir məbləğdə ƏDV-yə cəlb olunur: “Buna misal olaraq ən çox istifadə etdiyimiz bəzi kənd təsərrüfatı məhsullarıdır. Xüsusi ƏDV-dən azad olan malların istehlakı zamanı istehlakçı ƏDV-dən yararlana bilməyəcək. Çünki o ƏDV ödəmiş olmayacaq. ƏDV ödəmədiyinə görə də, əlavə dəyər vergisinin bir hissəsini geri almaq imkanı olmayacaq.
Qeyd edim ki, əlavə dəyər vergisinin qaytarılan məbləğ hissəsi nağdsız qayda ödənildiyini halda ödədiyi ƏDV-nin 15-17 faizi, amma nağd şəkildə ödənilmiş, ödənişin tərkibindəki ƏDV-nin 5 faizi istehlakçıya geri qaytarılır”.