“İRS” jurnalının yunan dilində növbəti nömrəsi işıq üzü görüb


Azərbaycan mədəniyyəti və incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” beynəlxalq jurnalının yunan dilində növbəti nömrəsi nəşr edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, jurnalda 2024-cü ildə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərdə qeydə alınan irəliləyişlər, o cümlədən xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, Hökumətlərarası iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri, eləcə də Yunanıstanın Baş naziri K.Mitsotakisin ölkəmizə səfəri və səfər çərçivəsində ölkə liderlərinin görüşü ilə bağlı ətraflı məlumat verilib.

Yunanıstanlı oxucular jurnaldakı yazılar vasitəsilə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi, ötən ilin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası, ölkəmizin qlobal miqyasda ekoloji problemlərin həlli istiqamətində apardığı məqsədyönlü siyasət, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri, ölkəmizdə yaşayan yerli xalqların adət-ənənələri, tarixi-mədəni və müasir memarlıq irsi nümunələri, o cümlədən Qarabağdakı Alban abidələri və ölkəmizin turizm potensialı ilə yanaşı, Azərbaycan ərazisindəki tarixi yunan irsi haqqında məlumatlar əldə edə biləcək.

Qeyd edək ki, “İRS” jurnalının yunan dili versiyası yunan oxucuların Azərbaycan haqqında reallıqları ilk mənbədən yunan dilində oxuması baxımından böyük əhəmiyyət daşıyır. Jurnal yunanların Azərbaycanı daha da yaxından tanımaları üçün mükəmməl məlumat toplusudur.

Jurnalın nüsxələri Yunanıstanın dövlət və hökumət orqanlarına, elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə və nüfuzlu ali təhsil ocaqlarına göndərilir.

Əlaqəli Xəbərlər