Sığorta hadisələrinin sayı 800-ə çatıb


15-16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və normadan artıq intensiv yağışlar nəticəsində bir sıra hadisələr qeydə alınıb. Sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib. Bu barədə SİA-ya Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta bazarı iştirakçılarından aldığımız bu günə olan son dəqiq məlumatlara görə, baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 512-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 157-si “Daşınmaz əmlakın icbari sığortası” növü, 77-si “Kasko” sığorta növü, 21-i “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Bundan əlavə “Fərdi qəza sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinin hər biri üzrə isə 1 hadisə qeydə alınıb.

Sektordan aldığımız məlumata görə, 294 hadisə üzrə ehtimal olunan zərər məbləği 241 min 30 manat həcmində müəyyən olunub. Qalan 475 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 1 milyon manatı ötəcəyi ehtimal edilir.

Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70%-i paytaxt Bakıda, 30%-i isə respublikanın digər bölgələrində qeydə alınıb.

Əlaqəli Xəbərlər