“Uğursuzluq qorxusu neqativ tədbirlərdən yaranır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, əvvəlki dövrlərdə yaşadığımız neqativ təcrübə bizə uğursuzluqla bağlı hər hansı qorxu hissini yaşada bilər: “Yaxud da, başqalarının uğursuzluqlarına baxıb özümüz qərar veririk ki, bizdə də uğursuzluq ola bilər. Bəzən uşaqlıq travmaları, bəzən travmatik hallar, evdə “səndə alınmaz, sən bacarmazsan” kimi deyilən sözlər, uşaq tərbiyəsində buraxdığımız psixoloji səhvlər gələcəkdə uğursuzluq qorxusu yarada bilər. Çox vaxt bunun səbəbi ya uşaqlıqda belə böyüdülməklə, ya ümumi böyük uğursuzluq travması ilə əlaqədardır, yaxud da digərlərinin uğursuzluğuna baxıb uğursuzluğumuzu düşünürük. İnsan hər zaman uğurlu olmaq istəyir, çünki hər zaman təqdir olunmaq, təriflənmək, öndə olmaq istəyir. Əlbəttə ki, uğursuzluq hər bir insan üçün mənfi nəticə yaradır. Amma hər insan anlamalıdır ki, özgüvənli olmaq vacibdir. Uğursuzluq bizə nə öyrədir? Uğursuzluq bizə yeni düşüncələr, yeni fikirlər yaratmağı öyrədir.
Gənclər ailədə, məktəbdə, şəxsi həyatda tez-tez müxtəlif problemlərlə qarşılaşırlar. Bu problemlər isə öz növbəsində onlarda uğursuzluq qorxusunun baş qaldırmasına səbəb ola bilər. İnsanların uğursuzluqdan qorxma səbəblərindən biri iş mühitində və ya məktəbdə xüsusilə nəzərə çarpan ictimai fikir qorxusudur. Əsasən, uğursuzluqdan qaçma motivi yeniyetmələrdə bir tərəfdən riskə həddindən artıq meyllilik, digər tərəfdən isə ümumiyyətlə risk etməmək şəklində təzahür edə bilər.
Bəzən insan bir işə başlayarkən ilk olaraq mənfi düşünməyə başlayır, işdə uğur qazanmayacağından qorxur. Lakin elə ilk səhv buradan başlayır.
Həqiqət odur ki, insan hansı sahədə olur-olsun, ilk olaraq özünə inanmalı, pzoitiv düşünməlidir. Bu ssenari çox adama tanış gəlməmiş olmaz. İlk olaraq həyatda uğurlu olmaq istəyirsinizsə, əvvəlcə özünüzə inanmağı öyrənməlisiniz”.