“Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra dinamik inkişaf edəcək”


“Gürcüstan-Azərbaycan əlaqələrində diqqəti cəlb edən əsas cəhət ondan ibarətdir ki, dünyamızda çox az sayda qonşu ölkələr Azərbaycan və Gürcüstan qədər səmimi dostluq münasibətlərinə, sıx iqtisadi əməkdaşlığa və birgə layihələr iştirakçılığı səviyyəsinə malikdirlər. Bunu Gürcüstan Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini məhz Azərbaycana reallaşdırmaqla Gürcüstan Prezidenti də sübut etmiş oldu. Azərbaycan Gürcüstanla Cənubi Qafqaz regionunda reallaşdırılsada, bütövlükdə qlobal strateji əhəmiyyətə malik olan “Enerji ” və “Komunikasiya ” layihələrinin iştirakçılarıdır. Yəni bu layihələrdə iştirak Azərbaycan-Gürcüstan arasında əməkdaşlığın əsas istiqamətlərini təşkil etməklə, əhəmiyyət ilə də xüsusi seçilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, Gürcüstanın iqtisadiyyatında Azərbaycan sərmayəsinin çox əhəmiyyətli rolu vardır və “Bakı-Tiblisi-Qars” dəmiryolu üzrə yüklərin ötürücülük imkanlarının genişləndirilməsi üçün də, Gürcüstan ərazisində işlər məhz Azərbaycan kapitalı hesabına həyata keçirildi: “Bu da sözsüz ki, Gürcüstanın gələcəkdə daha böyük iqtisadi dividentlər almaq imkanını şərtləndirəcəkdir. “Bakı- Tiblisi-Ceyhan” və “Bakı- Tiblisi-Ərzurum ” neft və qaz kəmərlərinin reallaşdırılmasında Gürcüstan və Azərbaycan birgə iştirakçılığı bütövlükdə böyük bir coğrafiyada həm enerji, həm nəqliyyat komunikasiyası xəritəsini yeniləyir.

Cənubi Qafqaz regionu tarixən münaqişə potensialı ilə səciyyələnibdir. Bunu Azərbaycan Prezdenti birgə mətbuat konfransında xüsusi vurğuladı.

Hesab edirəm ki, Azərbaycan-Gürcüstan əlaqələrini əsasən bu konteksdən nəzərdən keçirmək lazımdır. Azərbaycan-Gürcüstan əlaqələrininin hazırki inkişaf səviyyəsi regionun gələcək təhlükəsizlik məsələlərinin həlli imkanlarına çox nikbin yanaşmağa imkan verir. Nəzərə almaq lazımdır ki, kənar dairələr, bütövlükdə Cənubi Qafqaz regionundan kənarda yerləşən siyasi dairələr Cənubi Qafqaz regionunda özlərinin region üçün məqbul olmayan təhlükəli xarakter daşıyan məkirli planlarını həyata keçirmək istəyirlər.

Siyasi şərhçi qeyd edir ki, belə ki, ötən ilin payızında, oktyabr ayında Gürcüstanda parlament seçkiləri zamanı baş verənləri xatırlayırıq: “O prosesin davamı biz bu gün də müşahidə edirik. Parlament seçkilərindən öncə Avropa İttifaqı rəsmiləri qeyd edirlər ki, “Biz Gürcüstandakı seçkilərə çox ciddi hazırlaşmalıyıq” deyirdilər. Ciddi hazırlaşmalıyıq deyənlər, rejim dəyişikliyinə nail olmaq istəyirdilər.

Bu Gürcüstanın təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır və bu cür cəhətlər region üçün mövcuddur. Ona görə də, Azərbaycan- Gürcüstan əlaqələri təkcə siyasi-iqtisadi maraqları əhatə etmir. Bu da mühüm əhəmiyyət kəsb edən, bütövlükdə regional təhlükəsizlik məsələsini də əhatə edir.

Bu baxımdan düşünürəm ki, Gürcüstan Prezidentinin ilk rəsmi səfərinin Azərbaycana baş tutması təkcə Azərbaycan-Gürcüstan münasibətləri çərçivəsində deyil, bütövlükdə regionun gələcəyi kontekstində nəzərdən keçiriləcək. Prezidentlərin görüşü zamanı müzakirə olunan məsələlər, ümumi ab-hava onu qeyd etməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da, nəinki dinamik inkişaf edəcək, hətta qeyd etmək olar ki, artıq özünün yeni bir keyfiyyət məsələsinə keçmiş olacaqdır.

Əlaqəli Xəbərlər