“Hazırda ölkədə yarışa ciddi hazırlıqlar gedir”


“III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək: “Hazırda ölkədə yarışa ciddi hazırlıqlar gedir. Təşkilat Komitəsində idman obyektlərinin hazırlığı, nəqliyyat və logistika məsələləri, iştirakçıların yerləşdirilməsi, könüllülərin cəlb olunması, akkreditasiya prosesi, oyunların mediada yayımı, açılış və bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər üzrə geniş müzakirələr aparılır və ölkə başçısına təqdimatlar hazırlanır.

Ötən gün Prezident İlham Əliyev III MBD oyunlarıyla bağlı növbəti Sərəncam imzaladı. Bununla da III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib. Sərəncama əsasən, tərkibə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri daxil edilib. Bəzi şəhər icra rayon müavinləri isə komitədən çıxarılıb. Çünki həmin şəhərlərdə yarışların keçirilməsi ilə bağlı planda dəyişikliklər olub. Təşkilat Komitəsinin üzvləri sırasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrlərinin müavinləri, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini daxil edilib. Bununla da komitənin tərkibi həm genişləndirilib, həm də dəyişikliklər edilib. Düşünürəm ki, III MDB Oyunlarının da ölkəmizdə peşəkarlıqla və layiqincə keçirilməsi üçün Təşkilat Komitəsinin üzvlər bütün güclərini səfərbər edəcəklər”.

Əlaqəli Xəbərlər