Aprelin 20-də Pakistanın “Pakistan Beynəlxalq Hava Yolları” (PIA) şirkəti tərəfindən həyata keçirilən Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuşun qarşılanma mərasimi keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin nümayəndələri, hava limanının rəhbər şəxsləri, habelə media təmsilçiləri iştirak ediblər.
Mərasimdə çıxış edən Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov aviareysin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu birbaşa uçuşlar təkcə iki ölkə arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsi baxımından deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından mühüm addımdır: Əminik ki, yaxın aylarda Lahordan daha çox sərnişini qarşılamaq imkanı əldə edəcəyik və bu hava körpüsü iki ölkə arasında yeni uğurlara yol açacaq”.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə qeyd edib ki, yeni reysin istifadəyə verilməsi iki ölkə arasında strateji və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.
“Lahor–Bakı birbaşa uçuşlarının bərpası bizi çox sevindirir. Sərnişin sayını artırmaq və İslamabaddan da yeni sərnişinlər cəlb etmək üçün əlimizdən gələni edəcəyik. Əminik ki, bu əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcək”, – deyə səfir əlavə edib.
Qeyd edək ki, Lahor–Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut Azərbaycan ilə Pakistan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişlənməsinə xidmət edir.